Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ rəhbərliyindəki koalisiya Suriyanın şimal-şərqindən İraqa hərbi texnika daşıyır.
Yeniavaz.com “Əl-Watan” qəzetinə istinadən xəbər verir ki, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən bazadan İraqa hərbi texnika köçürür.
Məlumata əsasən, avadanlıqlar Haseke əyalətindəki Harab əl-Cir bazasından Şimali İraq ərazisinə daşınır. Bildirilir ki, daşınma prosesi fonunda hərbi təyyarələr bazanın hava məkanında patrul xidməti həyata keçirir.
Xatırladaq ki, yanvarın 18-də Suriya Prezidenti Əhməd əl-Şaraa ölkənin şimal-şərq bölgəsinə nəzarət edən, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) koalisiyası ilə atəşkəs razılaşmasını təsdiqləyib. Yanvarın 20-də Suriya Müdafiə Nazirliyi yeni razılaşmanın detalları dəqiqləşdirilənədək dörd günlük atəşkəs elan edib.
Daha sonra atəşkəs müddəti 15 gün uzadılaraq 8 fevrala qədər qüvvədə saxlanılıb. Yanvarın 30-da isə Suriya Demokratik Qüvvələri Suriya ordusuna qoşulmağa və mövcud özünüidarəetmə strukturlarını Suriya dövlətinə inteqrasiya etməyə hazır olduqlarını bəyan ediblər.