ABŞ və Çin hərbi qarşıdurma riskini azaltmaq üçün Şanxayda nə müzakirə etdi?..

21.11.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Çin hərbi nümayəndə heyətləri Şanxayda üç gün davam edən danışıqlar keçiriblər. Görüşdə iki ölkənin hərbi qüvvələri arasında gözlənilməz qarşılaşmaların və mümkün silahlı insidentlərin qarşısının alınması məsələləri müzakirə olunub.

Moderator.az xəbər verir ki ,Çinin rəsmi dövlət xəbər agentliyi "Sinxua"nın(Xinxua) yazdığına görə  bu barədə Çinin Müdafiə Nazirliyinin 20 noyabr tarixli məlumatında bildirilir.

Məlumata görə, danışıqlar noyabrın 18-dən 20-dək davam edib. Görüş ABŞ və Çin arasında dəniz və hava məkanında hərbi təhlükəsizliyin təmin edilməsi, eləcə də mümkün insidentlər zamanı risklərin azaldılması məqsədilə aparılıb.

ABŞ nümayəndə heyətinin tərkibində Sakit Okean Komandanlığının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizəsinin nümayəndələri iştirak ediblər.

Danışıqların əsas istiqamətlərindən biri hərbi gəmilərin və təyyarələrin qarşılaşması zamanı yarana biləcək təhlükəli vəziyyətlərin idarə olunması, tərəflər arasında operativ əlaqənin qorunması və yanlış anlaşılmaların qarşısının alınması olub.

Bu görüş Vaşinqton və Pekin arasında münasibətlərin mürəkkəb olaraq qaldığı bir dövrdə baş tutub. Xüsusilə Tayvan məsələsi, Cənubi Çin dənizindəki gərginlik və Sakit okean regionunda artan hərbi fəallıq iki ölkə arasında təhlükəsizlik narahatlıqlarını gücləndirir.

Ekspertlərin diqqətini çəkən məqam ABŞ nümayəndə heyətinin tərkibidir. Görüşdə yalnız diplomatik və ya müdafiə nazirliyi rəsmiləri deyil, birbaşa hərbi əməliyyatlara və regional təhlükəsizliyə cavabdeh qurumların nümayəndələri də iştirak ediblər.

Bu isə danışıqların sırf protokol xarakteri daşımadığını, hərbi qüvvələr arasında praktiki əlaqələrin və insidentlərin idarə olunması mexanizmlərinin müzakirə edildiyini göstərir.

Bununla belə, tərəflərin görüş nəticəsində yeni hərbi saziş imzaladığı və ya konkret öhdəliklər götürdüyü barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, ABŞ və Çin arasında hərbi əlaqələrin qorunması xüsusilə vacib hesab olunur. Çünki regionda hər hansı gözlənilməz hərbi insident iki nüvə dövlətinin münasibətlərində ciddi böhrana səbəb ola bilər.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью