Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Mehin Qasımova, Banco.az
ABŞ və Çin nümayəndə heyətləri iki ölkə liderlərinin gözlənilən görüşü ərəfəsində iqtisadi və ticarət məsələlərini müzakirə etmək üçün bir araya gələcək.
Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, Baş nazirin müavini He Lifengin rəhbərlik etdiyi Çin nümayəndə heyəti sentyabrın 19-23-də ABŞ-a səfər edərək iqtisadi və ticarət danışıqları aparacaq.
Bəyanatda bildirilib ki, danışıqlar iki ölkə liderlərinin əldə etdiyi razılaşmaya uyğun olaraq keçiriləcək. Görüşlər zamanı qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə məsləhətləşmələr aparılacaq.
ABŞ hökumət mənbələri isə Nyu-Yorkda keçiriləcək görüşlərdə süni intellekt, ticarət, nadir torpaq elementləri və digər iqtisadi məsələlərin müzakirə olunacağını bildiriblər.
Danışıqların Çin Prezidenti Si Cinpinin ABŞ-a gözlənilən səfərinə hazırlıq məqsədi daşıdığı qeyd olunur.
Xatırladaq ki, Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ Dövlət katibi Marko Rubio sentyabrın 17-də telefon danışığı apararaq iki ölkə arasında yüksək səviyyəli əlaqələri müzakirə ediblər.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl sentyabrın 24-də Vaşinqtonda Si Cinpinlə görüşəcəyini açıqlayıb. Lakin Çin tərəfi hələlik prezidentin ABŞ səfərini rəsmi şəkildə təsdiqləməyib.