ABŞ və İran Hörmüz lə bağlı görüşəcək KONKRET

29.06.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və İran iyunun 30-da Qətərin paytaxtı Doha şəhərində Hörmüz boğazı ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün əsas məqsədi Hörmüz boğazı ətrafında yaranan gərginliyi və mübahisələri nizamlamaqdır. Portal qeyd edir ki, tərəflər eyni zamanda bir-birinə qarşı hücumları dayandırmaq barədə ilkin razılıq əldə ediblər.

“Reuters” agentliyi də adı açıqlanmayan ABŞ rəsmisinə istinadla bildirir ki, Vaşinqton və Tehran daha əvvəl imzalanan qarşılıqlı anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməyi gözləyir.

Xatırladaq ki, həftəsonu tərəflər arasında qarşılıqlı zərbələr endirilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 29-na keçən gecə Hörmüz boğazında kommersiya gəmisinə hücum iddiasına cavab olaraq İrana zərbələr endirildiyini təsdiqləyib. Bundan sonra İran ordusu Yaxın Şərqdə ABŞ qüvvələrinin yerləşdiyi bir neçə məntəqəni hədəfə alıb.

Qeyd edək ki, iyunun 18-də İran və ABŞ arasında məsafədən imzalanan memorandum fevralın 28-dən başlayan hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutur.

Sənədə əsasən, ABŞ mərhələli şəkildə dəniz blokadasını aradan qaldırmalı, İran isə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini bərpa etməlidir.

Memorandumda həmçinin İranın nüvə silahı əldə etməmək öhdəliyi yer alıb. İranın nüvə proqramı ilə bağlı məsələ isə ayrıca razılaşma çərçivəsində həll olunacaq. Bu məqsədlə tərəflər 60 gün ərzində danışıqlar aparacaq. Tehran üçün əsas gözlənti isə anti-İran sanksiyalarının ləğv edilməsidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью