Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
ABŞ Silahlı Qüvvələri İranda hərbi və infrastruktur obyektlərinə zərbələr endirdiyini, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını, Küveytdəki neft obyektini və Bəhreyndəki telekommunikasiya infrastrukturunu hədəfə aldığını bəyan edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, zərbələr İranın müşahidə məntəqələrinə, hərbi-logistika infrastrukturuna, yeraltı silah anbarlarına və Hərbi Dəniz Qüvvələrinin obyektlərinə endirilib. Əməliyyata qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (PUA), hərbi gəmilər və digər döyüş vasitələri cəlb olunub.
CENTCOM bildirib ki, İrandakı hədəflərə qarşı əməliyyatlar ardıcıl yeddinci gecədir davam etdirilir.
İran KİV-lərinin məlumatına görə, ABŞ-nin zərbələri nəticəsində ölkənin cənubundakı Cask şəhərində yerləşən sutəmizləyici zavod, həmçinin Bəndər-Abbas–Hacıabad avtomobil yolunda yerləşən iki körpü dağıdılıb.
SEPAH isə bəyan edib ki, ABŞ-nin İordaniyada yerləşən Əl-Əzraq hərbi bazasında qırıcı təyyarələrin anqarları və əsas uçuş-enmə zolağına kütləvi raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Qurumun iddiasına görə, zərbələr nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı beş təyyarə tamamilə məhv edilib, daha bir neçəsi isə zədələnib.
SEPAH, həmçinin ABŞ tərəfindən istifadə olunan Küveytdəki Kemp-Arifcan və Əli əl-Saləm hərbi bazalarına da zərbələr endirildiyini açıqlayıb. İddiaya əsasən, hücum nəticəsində radar sistemlərindən biri məhv edilib.
Küveytin dövlət neft-qaz şirkəti Kuwait Petroleum Corporation (KPC) isə İranın ölkənin "neft sektorunun ən mühüm obyektlərindən birinə" hücum etdiyini təsdiqləyib. Şirkətin məlumatına görə, hücum nəticəsində obyektə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
SEPAH-ın məlumatında bildirilir ki, pilotsuz uçuş aparatları və raketlərlə Əl-Əhmədi limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini yanacaqla təmin edən sahilyanı obyekt vurulub. Bundan başqa, Bəhreyndə yerləşən Şeyx İsa hərbi bazasında döyüş təyyarələrinin yerləşdiyi əraziyə zərbə endirildiyi, həmçinin ölkənin telekommunikasiya və rəqəmsal rabitə operatoru Batelconun mərkəzi ofisinin hədəfə alındığı bildirilib.
Qeyd: Mətn tərəflərin rəsmi bəyanatları və KİV-lərin məlumatları əsasında hazırlanıb. İrəli sürülən iddiaların müstəqil mənbələr tərəfindən təsdiqləndiyi barədə məlumat yoxdur.
XQ