ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“İki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını bildirən ABŞ Prezidenti Donald Trump dəfələrlə danışıqların yaxşı getdiyini, İranın razılaşmada maraqlı olduğunu və tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdığını bəyan edib. Lakin ümumi mənzərə fərqli görünür”.

Bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında səsləndirdi.

Onun sözlərinə görə, tərəflər arasında müəyyən irəliləyiş əldə olunsa da, yaxın iki həftə ərzində yekun və hərtərəfli sazişin imzalanacağına dair qəti əminlik yoxdur:

“ABŞ rəsmiləri də danışıqlarda müəyyən irəliləyişlərin olduğunu bildirirlər. Bununla yanaşı, vacib məsələlərin hələ də açıq qaldığı vurğulanır. Hazırda İran iqtisadi təzyiqlərin azaldılması məqsədilə məhdud və mərhələli saziş variantlarını nəzərdən keçirir. Açıq və qapalı təmaslar davam etsə də, nüvə proqramı, uranın zənginləşdirilməsi və sanksiyalar kimi əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalır. Bu səbəbdən ilkin mərhələdə atəşkəsin və ya müvəqqəti çərçivə sazişinin uzadılması, mürəkkəb məsələlərin isə sonrakı mərhələyə saxlanılması müzakirə olunur. Məhz bu istiqamətdə razılığın əldə olunması ehtimalı daha yüksək görünür”.

Politoloq hesab edir ki, daha mürəkkəb məsələlər üzrə razılaşma əldə olunması ehtimalı orta səviyyədədir:

“İran iqtisadi təzyiq və sanksiyalar altındadır və danışıqlarda əsas marağı bu sahədə yumşalmalara nail olmaqdır. Trampın danışıqlar prosesinin davam etdirilməsində israrlı olması onun bu istiqamətdə uğur qazanmaq istəyindən irəli gəlir. Bununla belə, ona qarşı İranla bağlı mümkün güzəştlərə yönəlmiş ciddi siyasi təzyiqlər də mövcuddur. Çünki İranın nüvə proqramı ətrafında əsas fikir ayrılıqları hələ də qalmaqdadır. Bu baxımdan, Trampın bəyan etdiyi kimi, yaxın iki həftə ərzində yekun razılaşmanın əldə olunacağı gözləntiləri özünü doğrultmaya bilər. Hazırkı şəraitdə buna kifayət qədər əsas görünmür. Daha real ssenari tərəflərin əvvəlcə məhdud çərçivə sazişi və ya atəşkəs mexanizmi üzərində anlaşması, daha sonra isə çətin məsələlərin həlli üçün danışıqları davam etdirməsidir”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью