Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan “Ukrayna səhər yeməyi” tədbirində çıxış edərək bildirib ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasına tərəflər çox yaxındır.
Uitkoffun sözlərinə görə, hazırda yalnız bir həll olunmamış məsələ qalır ki, bu da böyük ehtimalla ərazilərə nəzarətlə bağlıdır.
ABŞ Prezidentinin xüsusi elçisi bu gün Moskvaya yollanacağını və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib. O bildirib ki, ötən gün gec saatlara qədər ABŞ nümayəndə heyəti Ukrayna tərəfi ilə intensiv müzakirələr aparıb. Danışıqlarda Ukrayna iqtisadiyyatının bərpası məsələsi də müzakirə olunub və Uitkoff bu kontekstdə azad iqtisadi zona yaradılması ideyasına toxunub.
Qeyd edək ki, daha əvvəl Donetsk vilayətində azad iqtisadi zona yaradılması ilə bağlı təkliflər səsləndirilmişdi. Lakin bu zonanın kimin nəzarətində olacağı hələ də aydın deyil. Rusiya Donetsk vilayətinin bütün ərazisinin öz nəzarətinə verilməsində israrlıdır. Hazırda vilayətin 70 faizdən çoxuna Rusiya nəzarət edir.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə Davosda Ukrayna tərəfinin ABŞ-nin iri investisiya şirkəti BlackRock, Norveç və Qətər baş nazirləri, həmçinin ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşlər keçirdiyini bildirib.
Bu gün Davosda ABŞ və Ukrayna prezidentlərinin də görüşü gözlənilir. Görüşün keçiriləcəyini Donald Tramp əvvəlcədən elan etsə də, Ukrayna tərəfi bunu son ana qədər təsdiqləmirdi. Yanvarın 22-də Ukrayna Prezident Aparatı Vladimir Zelenskinin forumda iştirak etmək üçün yolda olduğunu təsdiqləyib. “Bloomberg” agentliyi Zelenskinin təyyarəsinin İsveçrəyə uçduğunu bildirib.
Daha sonra Prezidentin mətbuat katibi Zelenskinin İsveçrəyə çatdığını açıqlayıb. Görüşün Moskva vaxtı ilə saat 15:00-da keçirilməsi planlaşdırılır.
“AzPolitika.info”