Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ 2026-cı ilin ilk doqquz ayında Venesuela neftinin və digər təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə edib. Vəsait Vaşinqtonun nəzarətində olan xüsusi hesab vasitəsilə idarə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti audit və konsaltinq şirkəti KPMG-nin məxfi hesabatına istinadən məlumat yayıb.
Sənəddə göstərilir ki, ABŞ Maliyyə Nazirliyi sözügedən hesabı Venesuela lideri Nikolas Maduronun həbs edilməsi məqsədilə yanvarın 3-də keçirilən əməliyyatdan sonra açıb. Hesab əvvəlcə Qətər bankında yaradılıb, daha sonra yanvarın sonunda Nyu-Yorkdakı “Citibank”a köçürülüb. Bu hesab vasitəsilə həyata keçirilən bütün əməliyyatlar Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib.
“The New York Times”ın məlumatına görə, hesabdan əldə olunan vəsaitin böyük hissəsi sonradan Venesuelaya qaytarılıb. Belə ki, təxminən 11,7 milyard dollar yerli banklarda valyuta hərracları vasitəsilə bolivarın dəstəklənməsinə yönəldilib. Daha 130 milyon dollar isə hökumətin xarici borclarının, əsasən digər ölkələrə və beynəlxalq təşkilatlara olan öhdəliklərinin ödənilməsinə xərclənib.
Sentyabrın 30-na olan məlumata görə, hesabda təxminən 170 milyon dollar qalıb. Bunun 12 milyon dolları hesablanmış faizlər olub.
Gəlirlərin böyük əksəriyyəti neft satışından əldə edilib. Bununla yanaşı, mineral və gübrə satışından da hesaba vəsait daxil olub. Gəlirin yarıdan çoxu – 61 faizi Maduronun saxlanılmasından sonra Venesuela neftinin satışına eksklüziv hüquqlar əldə edən “Trafigura” və “Vitol” şirkətlərinin payına düşüb. “Trafigura” şirkəti həmçinin Venesuela qızılının alınması üçün təxminən 100 milyon dollar köçürüb.
Qəzet vurğulayır ki, KPMG hesabatı ABŞ hökumətinin sifarişi ilə hazırlanıb və Dövlət Departamentinin daha əvvəl dərc etməyi vəd etdiyi Venesuela neftinin satışından əldə olunan gəlirlərin rəsmi auditi hesab edilmir.
Murad İsmayıl