ABŞ Venesuelaya qoşun göndərdi

02.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Müharibə Departamenti (Pentaqon) zəlzələdən sonra Venesuelaya yardım məqsədilə təxminən 2000 hərbçi göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəisi Frensis Donovan bildirib.

“Hazırda ABŞ ordusunun ərazidə təxminən 2000 hərbçisi var, onlar quruda, havada, dənizdə və Venesuela ətrafında fəaliyyət göstərirlər. Axtarış-xilasetmə əməliyyatlarını dəstəkləmək, zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək və lazımi təchizatın çatdırılmasını təmin etmək üçün hər gün çalışırlar”, - o deyib.

Donovan əlavə edib ki, ABŞ həmçinin Venesuela və ətrafındakı əməliyyatları dəstəkləmək üçün hərbi nəqliyyat təyyarələrindən, yerüstü nəqliyyat vasitələrindən və gəmilərdən istifadə edir: “Bu missiyaları başa vurduqdan sonra ABŞ qoşunları Venesuelanı tərk edəcək və regionda davam edən əməliyyatlara qayıdacaqlar”.

Xatırladaq ki, iyunun 24-də Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Episentrləri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 kilometr aralıda yerləşib. Son məlumata görə, zəlzələ nəticəsində 2295 nəfər həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью