ABŞ yarımkeçirici sektoruna 389 milyon dollar ayıracaq

23.10.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Mehin Qasımova, Banco.az

ABŞ yarımkeçirici və kritik materiallar texnologiyalarının inkişafını dəstəkləmək məqsədilə dörd şirkətə 389 milyon dollara qədər maliyyələşdirmə ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi "CHIPS" və Elm Qanunu çərçivəsində "Helion", "Commonwealth Fusion Systems", "Vertical Semiconductor" və "Sibelco" şirkətləri ilə maliyyələşdirməyə dair məktublar imzalayıb.

Plan çərçivəsində "Helion" şirkətinə 175 milyon dollara, Commonwealth Fusion Systems-ə 85 milyon dollara, Vertical Semiconductor-a 73 milyon dollara, Sibelco-ya isə 56 milyon dollara qədər maliyyə ayrılması nəzərdə tutulur.

"Helion" yüksək gərginlikli yarımkeçiricilərin və qabaqcıl enerji modullarının, "Commonwealth Fusion Systems" termoyadro texnologiyalarında istifadə olunan elektron sistemlərin, "Vertical Semiconductor" enerji ötürülməsini daha səmərəli edən yarımkeçiricilərin inkişafı üzərində çalışacaq. "Sibelco" isə yarımkeçirici istehsalı üçün vacib olan yüksək təmizlikli kvarsın emalı texnologiyalarını təkmilləşdirəcək.

Maliyyələşdirmənin şərtlərinə əsasən, ABŞ hökuməti bu şirkətlərin hər birində səsvermə və nəzarət hüququ verməyən azlıq payı əldə edəcək.

ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, bu investisiyalar yerli tədqiqatların genişləndirilməsinə, strateji təchizat zəncirlərinin təhlükəsizliyinin gücləndirilməsinə və yüksək maaşlı iş yerlərinin yaradılmasına xidmət edəcək.

Qeyd edək ki, bu təşəbbüs ABŞ-ın yarımkeçirici sənayesinin inkişafını sürətləndirmək və kritik materialların təchizatında dayanıqlılığı artırmaq strategiyasının bir hissəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью