​ ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır Daha bir təyyarədaşıyan göndərdi

16.11.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ ilə İran arasında Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli “USS Theodore Roosevelt” aviadaşıyıcısı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub. Bununla da Vaşinqtonun regiondakı dəniz qüvvələrinin sayı son ayların ən yüksək həddinə çatıb.

“Axios” nəşrinin və beynəlxalq agentliklərin məlumatına görə, “USS Theodore Roosevelt”in gəlişi ilə ABŞ Donanmasının üç zərbə qrupu İranın cənub-şərqində və Ərəb dənizində cəmləşib. Bu, yeddi aydan artıqdır davam edən hərbi qarşıdurma fonunda ABŞ-ın bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir.

“USS Theodore Roosevelt”lə yanaşı, onun zərbə qrupuna “USS Chosin” raket kreyseri, “USS Paul Hamilton” və “USS Decatur” esminesləri, həmçinin kəşfiyyat və müşahidə tapşırıqları üçün nəzərdə tutulmuş “Seahawk” pilotsuz dəniz vasitəsi daxildir.

Bununla yanaşı, “USS George Washington” və “USS George Bush” aviadaşıyıcıları da İranın cənub-şərqində döyüş növbətçiliyi həyata keçirir. Hər biri 48 qırıcı təyyarə daşıyan bu gəmilər və dəstək vasitələri ABŞ-ın regionda böyük zərbə qüvvəsi cəmləşdirdiyini göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatına görə, “USS Theodore Roosevelt”in bölgədəki aviadaşıyıcılardan birini əvəzləməsi gözlənilirdi. Lakin Vaşinqtonun üç zərbə qrupunu eyni vaxtda nə qədər saxlayacağı hələ məlum deyil.

Amerikalı rəsmilərin sözlərinə görə, hərbi qüvvələrin artırılması İran limanlarına tətbiq olunan dəniz blokadasını sərtləşdirmək və ticarət axınlarına nəzarəti gücləndirmək məqsədi daşıyır. Əsas hədəflərdən biri İranın başlıca gəlir mənbəyi olan neft ixracını məhdudlaşdırmaqdır.

Diplomatik danışıqlar isə faktiki olaraq dalana dirənib. Prezident Donald Tramp administrasiyası Tehranla yeni razılaşmaya tələsmədiyini bildirir. İran tərəfi danışıqların yalnız öz şərtləri əsasında aparılmasını istəyir və zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasına razı olmadığını bəyan edir. Vaşinqton isə nüvə proqramına sərt məhdudiyyətlərin tətbiqini mümkün razılaşmanın ilkin şərti hesab edir.

Beləliklə, İran limanları ətrafında hərbi-siyasi gərginlik davam edir. Dəniz nəqliyyatına qarşı təxribatlar, gəmiçiliyə məhdudiyyətlər və qarşılıqlı ittihamlar vəziyyəti daha da mürəkkəbləşdirir. Analitiklər hesab edirlər ki, ABŞ-ın bölgədə üç aviadaşıyıcı zərbə qrupu ilə təmsil olunması həm Tehran üzərində təzyiqi artırmağa, həm də mümkün hərbi eskalasiyaya hazır olmağa hesablanıb.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью