Sherg.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişinin birinci ildönümünə çox az vaxt qalıb. Lakin Azərbaycanın yekun sülhə görə Ermənistanın qarşısına qoyduğu konstitusiya dəyişikliyi hələ də həllini tapmayıb. Baş nazir Nikol Paşinyanın bugünkü açıqlaması yekun sülh sazişinin imzalanacağına dair ümidləri artırıb.
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bildirib. Mətbuatda Vaşinqtonda başlanan sülh prosesinin elə ABŞ-də yekunlaşacağına dair fikirlər səsləndirilir. ABŞ prezidenti Donald Tramp həmkarı İlham Əliyevi dekabrın 14-15 tarixlərində Mayamidə keçiləcək G20 sammitinə dəvət edib. Trampın Paşinyanı da dəvət edəcəyi gözlənilir. Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı açıqladığı vaxtla, G20 Sammitinin keçiriləcəyi tarixin bir-birinə yaxın olması Bakı ilə İrəvan arasında yekun sülh sazişinin məhz həmin toplantıda imzalanacağına dair ehtimalları gücləndirib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Ermənistanın yeni kontitusiyasında mütləq şəkildə Azərbaycanın tələb etdiyi məsələ öz əksini tapmalıdır:
“Paşinyanın daha əvvəl verdiyi açıqlamalara nəzər saldıqda, rəsmi İrəvanın mövqeyinin Azərbaycanla üst-üstə düşdüyünü görə bilərik. Ermənistan konstitusiyasının preambulasında, Müstəqillik Bəyannaməsinə istinadın saxlanması sülh prosesinə kölgə salır. Lakin Paşinyan dəfələrlə, Qarabağ hərəkatının başa çatdığını və konstitusiyada İstiqlal Bəyannaməsinə istinadın ləğv edilməsinin vacibliyindən danışıb. Ermənistan rəsmiləri də anlayır ki, bu məsələnin yerinə yetirilməyəcəyi təqdirdə, yekun sülh sazişi imzalanmayacaq. Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin taleyi də sülh sazişinin imzalanmasından asılıdır”.
Politoloqun sözlərinə görə, Bakının tələbi yeni kontitusiyada nəzərə alınacaq:
“Böyük ehtimalla, Tramp G20 zirvəsinə Paşinyanı da dəvət edəcək. ABŞ Cənubi Qafqazda balanslı siyasət xətti yürüdür. TRIPP başda olmaqla strateji layihələr Trampın iki ölkə arasında yekun sülhün əldə olunmasına marağını artırır. Bu baxımdan, Trampın Paşinyanı da dəvət etməsi və Vaşinqtonun Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında vasitəçilik edəcəyi istisna deyil. Çünki 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması regiondakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişib”.
A.Nərimanlı qeyd edib ki, yekun sülh sazişinin, ABŞ-nin iştirakı ilə rəsmiləşdirilməsi Vaşinqton Bəyannaməsinin məntiqi sonluğu kimi dəyərləndirilə bilər:
“Lakin bunun hansı beynəlxalq platforma çərçivəsində baş tutacağı Ermənistanın addımlarından asılı olacaq. Rəsmi İrəvan, konstitusiyanı dəyişməyə maraqlı olsa da, bunu nə vaxt reallaşdıracağı da bəlli deyil. Prezident İlham Əliyev bildirib ki, yekun sülh sazişinə yeganə maneə budur. Bu məsələ həll edildikdən bir və ya bir neçə gün sonra belə Azəbaycan və Ermənistan paraflanan sülh sazişinə yekun imzanı ata bilər”.