Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, İşçi Qrupunun, Bakı Şəhər Narkoloji Mərkəzinin, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edənlər narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat veriblər. Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.