Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, partiya fəalları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad ediblər.YAP Abşeron Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb.
Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığını qeyd edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və ideyalarını həyata keçirən partiya xalqımızın siyasi tarixində özünəməxsus yer tutur.
Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayan RİH başçısı bildirib ki, YAP bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində siyasi fəaliyyət həyata keçirməkdədir.
Abdin Fərzəliyev qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir.
Bu gün Azərbaycanın nəinki regionda, dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti beynəlxaq aləmin diqqətini ölkəmizə yönəldir, dövlətimizi dünyada söz sahibi edir.