Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəyişikliklər edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsində əks olunub.
Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il fevralın 27-də imzalanmış Saziş üzrə podratçı tərəflər – SOCAR Absheron, TotalEnergies EP Absheron B.V (TEPAB) və ADNOC International ProjectCo 1 RSC Limited (XRG) şirkətləridir.
Adıçəkilən yataqda ilkin hasilat sxemi üzrə bir quyu 3 iyul 2023-cü il tarixdən hasilata verilib.
Neft yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 25 sentyabr 2026-cı il tarixində qəbul edilib, 26 sentyabr 2026-cı il tarixində isə SOCAR və Podratçı tərəflər arasında dəyişdirilib və yeni redaksiyada tərtib olunmuş Abşeron yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Yeni redaksiya üzrə əsas dəyişiklik 1 mart 2017-ci il tarixindən başlamış işlənmə və hasilat dövrünün otuz (30) ildən qırx (40) ilədək uzadılmasıdır.
Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır. Belə ki, 4-cü quyunun 2057-ci ilə qədər əlavə qaz hasilatı təmin etməsi və Abşeron blokundan ümumi qaz çıxarılma əmsalını yüksəltməsi gözlənilir. 4-cü quyunun Abşeron Tammiqyaslı İşlənmə üzrə Yekun İnvestisiya Qərarına daxil edilməsi ilə bağlı quyuya qoyulan investisiyaların geri qaytarılmasını təmin etmək məqsədilə saziş üzrə işlənmə və hasilat dövrünün 10 il uzadılması razılaşdırılıb.
Dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş ilə həmçinin Abşeron Tammiqyaslı İşlənmə Layihəsi üzrə qaz və kondensat həcmlərinin daşınma üçün müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə tikiləcək və podratçılar tərəfindən maliyyələşdiriləcək obyektlərin tikintisi və istismarına çəkilən xərclərin saziş üzrə neft-qaz əməliyyatları məsrəfləri sayılması və əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.
Eyni zamanda, bu Sazişlə əvvəlki sazişə əlavə edilmiş altı Qoşma eyni şərtlərlə qalmaqla yeni redaksiyaya daxil olunur və vahid sənəddə birləşdirilir. Həmçinin, sazişə redaktə xarakterli bəzi dəyişikliklər edilir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media