Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müstəqil və qalib Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin Anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarxın nümayiş olunduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib.
Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, ana dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub.
Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Görkəmli dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ilə ölkəmizin iqtisadi, hərbi uğurlar qazandığını deyən Abdin Fərzəliyev Qarabağın azadlığını, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işlərini məhz Heydər Əliyevin müdrik siyasəti, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi ilə əlaqələndirib.