Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun "Quşçuluq massivi", Nəsimi küçəsi, 85 ünvanında yaşayan sakinlər ərazidəki "Uğur" adlı zavoddan şikayətçidirlər.
Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR
Onlar iddia edirlər ki, zavoddan yayılan tüstü və səs onları təngə gətirib. Sakinlərin iddiasına görə, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.
Şikayətlə bağlı zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirib. Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edilib ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda onlar tam təmir olunub. O da vurğulanıb ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilib.