Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Abu-Dabidə ABŞ-Rusiya-Ukrayna formatında keçirilən üçtərəfli görüş Rusiya-Ukrayna müharibəsinin diplomatik trayektoriyasında yeni mərhələnin başlandığını göstərir. Görüşün rəsmi detalları açıqlanmasa da, tərəflərin verdiyi açıqlamalar, xüsusilə Kiyevdən gələn mesajlar danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunduğunu deməyə əsas verir. Müzakirələrin mərkəzində isə dəyişməz olaraq Donbas məsələsi dayanır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “sənədin 100 faiz hazır olması” barədə açıqlaması göstərir ki, tərəflər artıq konseptual mübahisə mərhələsini arxada qoyub və texniki-siyasi razılaşma fazasına keçiblər. Sənədin ABŞ Konqresinə və Ukrayna Parlamentinə təqdim ediləcək olması isə onu göstərir ki, söhbət sadəcə atəşkəsdən deyil, orta və uzunmüddətli təhlükəsizlik arxitekturasından gedir.
Bununla belə, Zelenskinin “Donbasın Rusiyaya verilməyəcəyi” ilə bağlı sərt mövqeyi zahirən dəyişməz görünsə də, diplomatik alt mətn fərqli mənzərə yaradır. Kiyev artıq açıq şəkildə təhlükəsizlik zəmanətlərini prioritet elan edir və bu, ərazi məsələsində dolayı kompromislərə hazır olunduğuna işarədir. Ərazi üzərində faktiki nəzarətin dondurulması, lakin hüquqi iddialardan imtina edilməməsi isə klassik “zaman qazanan kompromis” modelidir.
Məhz bu kontekstdə “Ankoric formulu” xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində ABŞ və Rusiya arasında müzakirə edilən bu qeyri-rəsmi çərçivə sənədi münaqişənin hərbi fazasının dondurulmasını, Donbas üzərində Rusiyanın faktiki nəzarətinin qorunmasını və cəbhə xəttinin sabitləşdirilməsini nəzərdə tutur. Kremlin bu formulun detallarını açıqlamaqdan imtina etməsi, əslində, onun əsas tələblərinin dəyişməz qaldığını göstərir: Donbas üzərində tam nəzarət və Ukraynanın bu reallığı qəbul etməsi.
Hazırkı danışıqlarda əsas ziddiyyət də məhz buradan qaynaqlanır. Rusiya Donetskin qalan hissəsinin də öz nəzarətinə keçməsini sülhün əsas şərti kimi irəli sürür. Ukrayna isə bunu açıq şəkildə rədd edir, lakin paralel olaraq ABŞ-la ikitərəfli təhlükəsizlik zəmanətləri, Avropa ölkələrinin “Könüllülər Koalisiyası” çərçivəsində müdafiə öhdəlikləri və Avropa Birliyinə üzvlük perspektivi üzərində israr edir.
Bu isə onu göstərir ki, Kiyev üçün əsas məsələ artıq hər qarış torpaq deyil, dövlətin yaşaması və gələcək təhlükəsizliyidir. Zelenskinin iqtisadi təhlükəsizlik zəmanətləri və Avropaya inteqrasiya üçün konkret tarixlər tələb etməsi də bu strategiyanın tərkib hissəsidir. Ukrayna faktiki olaraq “əraziyə qarşı təhlükəsizlik” balansı qurmağa çalışır.
ABŞ-ın mövqeyi isə həlledici olaraq qalır. Vaşinqton danışıqlarda irəliləyiş olduğunu vurğulasa da, əsas hədəf müharibəni idarə olunan şəkildə dayandırmaqdır. Trampın son dövrlərdə, xüsusilə Qrenlandiya məsələsində sərgilədiyi sərt və praqmatik yanaşma – göstərir ki, ABŞ yeni mərhələdə idealist deyil, nəticəyönlü siyasət yürüdür. Bu yanaşma Ukrayna üçün açıq mesajdır: razılaşma olmazsa, dəstəyin formatı və miqyası dəyişə bilər.
Avropa ölkələri də bu reallığı anlayır. Ritorik səviyyədə Ukraynanın ərazi bütövlüyü dəstəklənsə də, praktikada Avropa Tramp administrasiyasının irəli sürdüyü sülh çərçivəsini qəbul etməyə getdikcə daha yaxın görünür. Çünki müharibənin uzanması Avropanın enerji, iqtisadiyyat və təhlükəsizlik maraqlarına birbaşa zərbə vurur.
Bu mənada, Abu-Dabi danışıqları göstərir ki, Zelenski artıq ideal seçimlər mərhələsini geridə qoyub və “pis” ilə “daha pis” arasında qərar vermək məcburiyyətindədir. Razılaşma Ukrayna üçün ağrılı kompromislər ehtiva edəcək, lakin razılaşmamaq Kiyev üçün daha ağır ssenarilərə- hərbi, siyasi və iqtisadi baxımdan daha dərin itkilərə yol aça bilər.
Növbəti görüşlərdə sənədin imzalanma tarixi və yeri müzakirə ediləcəksə, bu artıq prosesin geri dönməz mərhələyə keçdiyini göstərir. Sual artıq sülhün olub-olmayacağı deyil, onun Ukrayna üçün hansı şərtlərlə başa gələcəyidir.
Mürtəza