Abunəlik modeli Azərbaycanda hansı bizneslərə qazanc gətirə bilər? Ekspert açıqladı

17.11.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Son illərdə biznes dünyasında ənənəvi satış modelindən fərqli yanaşma geniş yayılmağa başlayıb. Şirkətlər müştərilərə məhsulu birdəfəlik satmaq əvəzinə, müəyyən müddət ərzində istifadə hüququ təqdim edir və bunun qarşılığında aylıq və ya illik ödəniş alırlar. Netflix, Spotify kimi platformalarla populyarlaşan bu model artıq proqram təminatı, geyim, kosmetika və digər sahələrdə də tətbiq olunur. Bəs abunəlik modeli bizneslər üçün nə dərəcədə sərfəlidir və Azərbaycan bazarında hansı sahələrdə uğurlu ola bilər?

Abunəlik modeli sahibkarlara ənənəvi satışla müqayisədə hansı iqtisadi üstünlükləri verir? Bu modelin biznes üçün əsas riskləri nələrdir?

Azərbaycanda hansı biznes sahələrində abunəlik modelinin tətbiqi daha perspektivli görünür? Yerli şirkətlərin bu modelə keçməsinə hansı amillər mane olur?

Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov Banco.az-a bildirir ki,  abunəlik satışı “əməliyyat”dan “münasibət”ə çevirir. Biznes bir dəfə pul qazanmır, müştərinin zamanına sahib olmağa çalışır.

“Abunəlik əsaslı biznes modelinin iqtisadi üstünlükləri var. Ilk növbədə, proqnozlaşdırıla bilən və təkrarlanan gəlirlə (MRR/ARR) bağlıdır ki, bu da maliyyə planlaşdırmasını və investorlar üçün biznesin dəyərinin qiymətləndirilməsini asanlaşdırır. Müştərinin şirkətlə uzunmüddətli əməkdaşlığı onun ömürlük dəyərini (LTV) artırır və müştərinin cəlb edilməsi xərcinin (CAC) zamanla kompensasiya olunmasına imkan yaradır. Eyni zamanda, böyük birdəfəlik ödəniş əvəzinə daha kiçik aylıq ödənişlərin təklif edilməsi müştərilər üçün alış qərarını asanlaşdırır. Davamlı istifadə isə müştəri davranışı, ehtiyacları və seçimləri haqqında daha geniş məlumat əldə etməyə şərait yaradır.

Bununla belə, bu model bir sıra risklər də daşıyır. Müştərilərin istənilən vaxt abunəliyi dayandırması (Churn) şirkətdən təqdim etdiyi dəyəri hər ay yenidən sübut etməyi tələb edir. Xərclərin əvvəlcədən, gəlirlərin isə mərhələli şəkildə əldə olunması nağd pul axınında çətinliklər yarada bilər. Bundan əlavə, çoxsaylı abunəliklər müştərilərdə ödəniş yorğunluğuna səbəb olaraq xidmətdən imtina riskini artırır. Fiziki məhsullara əsaslanan abunəliklərdə isə logistika, məhsulun qaytarılması, ehtiyatların idarə edilməsi və xidmətin davamlı təmin olunması əlavə əməliyyat xərcləri yaradır”.

O deyir ki, Azərbaycanda biznes sahələrində abunəlik modelinin tətbiqi daha perspektivli hesab oluna biləcək sahələrə idman zalları, fitnes studiyaları və təlim proqramları, rəqəmsal məzmun, onlayn təhsil platformaları və dil kurslarını  daxil etmək olar:

“Eyni zamanda, mühasibatlıq, CRM və kibertəhlükəsizlik kimi B2B proqram xidmətləri, eləcə də su, qida qutuları, ofis təchizatı və avtomobil servisi kimi dövri istehlaka əsaslanan məhsul və xidmətlər bu modelin tətbiqi üçün imkanlar yaradır.

Azərbaycanda abunəlik əsaslı biznes modelinin geniş yayılmasına mane ola biləcək əsas  istehlakçıların yanaşmasıdır. Yerli bazarda avtomatik debet ödənişləri vərdişinin kifayət qədər inkişaf etməməsi bu modelin tətbiqini çətinləşdirə bilər. Digər mühüm amil istehlakçı etimadı ilə bağlıdır. Müştərilər abunəliyi dayandırmağın çətin olacağından və ya gözlənilməz ödənişlərin tutulacağından ehtiyat edə bilərlər. Bununla yanaşı, cəmiyyətdə formalaşmış mülkiyyət psixologiyası – məhsulu birdəfəlik alaraq ona sahib olmaq istəyinin istifadəyə görə müntəzəm ödəniş etmək yanaşmasından daha üstün tutulması da maneə yarada bilər. Nəhayət, rəqəmsal məzmun və xidmətlər sahəsində pulsuz və ya pirat mənbələrdən istifadəyə alışqanlıq istehlakçıların ödənişli abunəliklərə keçidini çətinləşdirən əlavə amil kimi çıxış edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью