Açarlar sahiblərinə qovuşdu: Kəlbəcərdə yeni həyat

25.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Açarlar sahiblərinə qovuşdu: Kəlbəcərdə yeni həyat Vətən müharibəsində qazanılan Zəfərin əsl mənası doğma yurdlara qayıdışdadır. Torpaq azad olunanda, onun yenidən həyatla dolması, kəndlərin və şəhərlərin insan səsi ilə canlanması lazımdır. Bu gün Kəlbəcər rayonunda məskunlaşma davam edir. 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətilə Böyük Qayıdışın Kəlbəcərdəki mərhələlərinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu prosesdə xüsusi rol oynayan səfərlərinə nəzər salaq.

Kəlbəcər işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev rayona dəfələrlə səfər edib. İlk səfər 2021-ci il avqustun 16-da baş tutdu. Bu səfər tarixi məna daşıyırdı: Ali Baş Komandan Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdı. Həmin gün Prezident Ömər aşırımı ilə tanış oldu, Murovdağda 11,6 km uzunluğunda tunelin və Kəlbəcər-Laçın yolu üzərində 3,4 km uzunluğunda tunelin təməlini qoydu, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdi, “Kəlbəcər-1” KSES-də yenidənqurma işləri ilə tanış oldu. Prezident arıçılarla görüşdü, “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanış oldu, dağıdılmış “İstisu” sanatoriyasına və yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd yoluna baxış keçirdi.
2022-ci il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Prezident yenidən Kəlbəcərə səfər etdi. Bu səfər zamanı “Kəlbəcər-1” KSES və yeni hərbi hissə istifadəyə verildi. Kəlbəcər şəhərinin Baş planı dövlət başçısına təqdim olundu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməli qoyuldu. Prezident Kəlbəcər-Laçın yolunun inşası və “Çıraq-1” KSES-də tikinti işlərinin gedişi ilə də tanış oldu.

2023-cü il Kəlbəcərdə kənd quruculuğunun başlanğıc ili oldu. Mayın 27-də Prezident Yanşaq və Zallar kəndlərinin təməlini qoydu. Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Zallar kəndində isə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Həmin gün “Qamışlı” və “Meydan” KSES-ləri, hərbi hospital istifadəyə verildi, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyuldu, tunellərdə və Kəlbəcər-Laçın yolunda görülən işlərə baxış keçirildi.

Həmin ilin avqustun 25-də Prezident yenidən Kəlbəcərdə oldu. Bu dəfə “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” KSES-lərinin açılışı oldu, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq baş tutdu. Ən əsası isə Zar kəndinin təməli qoyuldu. Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Beləliklə, üç kənddə ümumilikdə 1763 ailənin məskunlaşması nəzərdə tutulur. 2023-cü il noyabrın 7-də, Zəfər Günü ərəfəsində Ali Baş Komandan Kəlbəcər rayonunun Vəngli kəndinə baxış keçirdi.

2024-cü il sentyabrın 2-də keçirilən səfər ən geniş proqramlı səfərlərdən biri oldu. “Yuxarı Vəng” SES, “Zar” KSES, “İstisu” yarımstansiyası və “İstisu” mineral su zavodu istifadəyə verildi, SCADA sistemi vasitəsilə “Toğanalı” KSES açıldı. Prezident Xudavəng monastır kompleksinə baxış keçirdi, Toğanalı-Kəlbəcər-İstisu yolunun 4-cü tunelində görülən işlərlə tanış oldu. Kəlbəcər şəhərində 2-ci yaşayış kompleksinin və inzibati binanın, eləcə də İstisu qəsəbəsinin təməli qoyuldu. Prezident 524 ailəlik yaşayış kompleksinin tikintisi, Şəhər Təhsil Kompleksi və “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan işlərlə tanış oldu.

2025-ci il avqustun 21-də isə Böyük Qayıdışın ən təsirli anlarından biri yaşandı. Prezident Kəlbəcər şəhərinin sakinləri ilə görüşdü və onlara mənzillərin açarlarını təqdim etdi. 27 il doğma yurd həsrəti ilə yaşayan insanlar nəhayət ki, öz şəhərlərində yeni evlərinə qovuşdular. Həmin gün 3-cü və 4-cü yaşayış komplekslərinin, Kəlbəcər şəhər parkının təməli qoyuldu, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” açıldı, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları istifadəyə verildi. Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda görülən işlərlə də tanış oldu.
Bu səfərlər göstərir ki, Kəlbəcərin dirçəlişi dövlət başçısının şəxsi nəzarəti altındadır. Hər səfər yeni layihələrin başlanğıcı, əvvəlki layihələrin isə yekunu ilə yadda qalır. Yollar, tunellər, enerji obyektləri, sənaye müəssisələri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri kompleks yanaşma ilə inşa olunur. Məhz bu kompleks yanaşma məskunlaşmanın dayanıqlı olmasını təmin edir.

Məskunlaşma prosesində sosial xidmətlərin təşkili də diqqət mərkəzindədir. Qayıdan ailələr üçün məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət obyektləri və ticarət məkanları yaradılır. Kəlbəcər Şəhər Təhsil Kompleksində müasir şərait formalaşdırılır ki, uşaqlar doğma yurdda keyfiyyətli təhsil ala bilsinlər. Gənc ailələrin bölgəyə qayıdışını stimullaşdırmaq üçün məşğulluq proqramları həyata keçirilir. Dövlət qurumları, yerli icra hakimiyyəti və ictimai təşkilatlar birgə fəaliyyət göstərərək qayıdan sakinlərin yeni həyata uyğunlaşmasına dəstək olur. Bu, Böyük Qayıdışın təkcə fiziki deyil, həm də sosial baxımdan uğurlu olmasını təmin edir.

Bu gün Kəlbəcərdə uşaq səsləri yenidən eşidilir. Qayıdan ailələr arıçılıq, maldarlıq, turizm və digər sahələrdə fəaliyyət göstərir, yeni iş yerləri yaradılır. Böyük Qayıdış dövlətin öz vətəndaşına verdiyi sözün reallaşmasıdır. Kəlbəcər şəhəri günü bu qayıdışın, yenidən doğuluşun və gələcəyə inamın bayramıdır.

Azər Əhmədov,

həkim-pediatr, partiya fəalı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью