AÇG dən hasil olunan neftin həcmi açıqlanıb

04.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

2026-cı ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 88 milyon dollar əsaslı məsrəflər xərclənib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 3,3 faiz və əsaslı məsrəflər 19,3 faiz artıb.

AZƏRTAC bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı üçüncü rüb ərzində davam edib.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam edib. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam edib.

Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib.

Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə uğurla tamamlanıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.

Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilib.

Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.

2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (18 min 800), “Mərkəzi Azəri” (84 min 600), “Qərbi Azəri” (72 min), “Şərqi Azəri” (45 min 700), “Dərinsulu Günəşli” (46 min 700), “Qərbi Çıraq” (25 min 300) və ACE (26 min 900) platformalarından birlikdə – gündə orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7000 barel - 2,1 faiz və ya 2 milyon barel – 2,2 faiz azalma deməkdir.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat təxminən 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmayıb. Hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.

İlin üç rübü ərzində AÇG-də 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusunun qazıntısı tamamlanıb.

Bu quyulardan biri – Şərqi Azəri platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

2026-cı ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçib.

AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlayıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu Dərinsulu Günəşli platformasından qazılıb və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınıb. Bu quyudan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью