AÇG dən ötən il dövlətə ötürülən qazın həcmi 25% artıb

13.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2,5 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 25% çoxdur.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 7 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inrex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью