futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında I tura yekun vuruldu.
Son çempion “Sabah” azarkeşləri önündə “Kəpəz”ə, gümüş mükafatçı “Qarabağ” isə “Şamaxı”ya qalib gəldi. “Neftçi” Sumqayıt səfərindən üç xalla döndü, “Turan Tovuz” “Qəbələ”ni üstələdi. Debütant “Şəfa” “Zirə”yə məğlub oldu. Turun yeganə heç-heçəsi isə “Araz-Naxçıvan”- “İmişli” matçında qeydə alındı.
Turan Tovuz – Qəbələ 1:0
Avrokuboklardan kənarlaşdırılan Tovuz təmsilçisi yeni mövsümə iddialı başladı. Azarkeşləri önündə ötən mövsümün autsayderi “Qəbələ”ni minimal hesabla üstələyən tovuzlular layiqli qələbə qazandı. Kurban Berdıyevin yetirmələri hücumda daha aktiv çıxış etdi, müdafiədə etibarlı oynadı.
“Qəbələ” isə yeni formalaşır və heyətdə kifayət qədər dəyişikliklər var. Transferlərin uyğunlaşması üçün zaman lazımdır və “Turan Tovuz”la matç komandanın potensialını qiymətləndirmək üçün meyar ola bilməz.
Sabah – Kəpəz 2:0
Çempionlar Liqasında pley-offa yüksələn “bayquşlar” “Kəpəz”lə matça ehtiyat heyətlə çıxdı. Komandanın demək olar ki, aparıcı üzvlərinin hamısı “11-lik”dən kənarda qalmışdı. Valdas Dambrauskas ehtiyat heyətin potensialını yoxlamaq və “Hapoel”lə pley-off oyununa yaxşı hazırlaşmaq üçün bu addımı atdı. İlk hissə qənaətbəxş keçməsə də, fasilədən sonra üstünlüyü ələ alan “futuristlər” qollar vuraraq, mövsümə qələbə ilə start verə bildi.
“Kəpəz” isə yeni formalaşır və komandanın məğlubiyyəti gözlənilən idi. Heyətə bir çox yeni transfer cəlb olunub və onların da adaptasiya üçün vaxta ehtiyacı var. Qarşıdakı bir neçə tur gəncəlilər üçün çətin keçəcək. Ağır qrafik və formalaşmamış heyətdən gözləntilər ən azı bir neçə oyun ərzində yüksək deyil.
Araz-Naxçıvan – İmişli 0:0
Turun yeganə qolsuz matçı Qəbələdə qeydə alındı. Naxçıvandan didərgin düşən “Araz-Naxçıvan” mövsümün əvvəlində rəqiblərini müvəqqəti olaraq bu arenada qəbul edəcək. Komandanın növbəti ünvanının isə Şamaxı olacağı gözlənilir. Cavid Hüseynovun başçılığı altında yenidən yığılan komanda ilk matçda gözlənilən kimi – ortabab çıxış etdi. “İmişli” ilə matçın birinci hissəsində aktiv olan naxçıvanlılar yaxşı imkanları olmasına baxmayaraq, “çərçivə”yə düşə bilmədi.
“İmişli” isə daha dinamik təsir bağışladı. Komanda ötən mövsümdə olduğu kimi, bu dəfə də standart vəziyyətlərdə təhlükəli olmağı bacardı. Bölgə təmsilçisi üçün ilk turda qazanılan bir xal kifayət qədər yaxşı nəticə sayıla bilər.
Sumqayıt – Neftçi 1:3
Avrokuboklara erkən vida edən “Neftçi” çempionatda hazırlıqlı kollektivlərdəndir. “Sumqayıt”la matçda 90 dəqiqə ərzində üstün oynayan, fürsətlər yaradan “ağ-qaralar” üç qolla kifayətləndi. Yuri Vernidubun yetirmələrinin ikinci hissədə fərqi artırmaq şansları olsa da, bəzi məqamlarda futbolçuların arxayınlaşması, bəzən isə yanlış qərarlar son anlarda həlledici rol oynadı.
“Sumqayıt” isə hələ mövsümə hazır deyil. “Neftçi”yə qarşı ümumi iştirak ərizəsində cəmi 17 oyunçusu olan “kimyaçılar”da heyətlə bağlı çatışmazlıqlar var. “Gənclik şəhəri” təmsilçisi problemi qısa zamanda həll edə bilməzsə, ilk turlar komanda üçün çətin keçəcək.
Zirə – Şəfa 2:0
Avrokuboklarda “Payde” səddinə ilişən və beynəlxalq arenaya vida edən “Zirə” debütant qarşısında üstün futbol oynadı. Hər iki hissədə bir qol vuran “qartallar” layiqli qələbə qazandı. Həmişəki oyun üslubunda qalan – topa daha çox sahib olan, cinahlardan və mərkəzdən qol yolları axtaran qəsəbə təmsilçisi bakılılar qarşısında çətinlik çəkmədi.
“Şəfa”ya isə vaxt lazımdır. Transfer dönəmində 20-yə yaxın oyunçu gətirən bakılılar sıfırdan qurulmuş komanda kimidir. Toparlanmaq və uyğunlaşmaq üçün kifayət qədər vaxt lazımdır. Qarşıdakı bir neçə oyun “Şəfa” üçün daha faydalı olacaq.
Qarabağ – Şamaxı 3:1
Heyətlə bağlı ciddi problemlər yaşayan “Qarabağ” çempionatın ilk ev matçında çətinlik çəkmədi. Rəqibinə böyük üstünlük quran “atlılar” hər iki hissədə dominant futbol oynadı. Xüsusilə ilk hissədə fəal olan və real qol şansları yaradan “Qarabağ” son zərbələrdə uğursuzluqla diqqət çəkdi. Renaldo Sefas qol vursa da, bir neçə fürsəti də boşa verdi. Hücumun sivri ucunda startda meydana çıxan Musa Qurbanlı inamlı çıxış etmədi. Bir daha göründü ki, “Qarabağ”ın keyfiyyətli forvarda ehtiyacı var. Bu heyətlə mövsümü keçirmək çətin olacaq.
“Şamaxı” da pis təsir bağışlamadı. Komandaların keyfiyyət fərqləri var və bölgə təmsilçisi “atlılar”a qarşı bacardığı qədər mübarizə apara bildi. Azər Bağırov əvvəlki iş yerlərində də kasad heyətlə uğurlu nəticələr əldə etməyi bacarıb. Mütəxəssisin bu dəfə də “Şamaxı” ilə yaxşı işlər sərgiləyəcəyinə ümid böyükdür.
Şahin Cəfərov