Açıq satılan turşular gizli risk daşıyır Mütəxəssisdən XƏBƏRDARLIQ

29.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bazarlarda satılan turşuların böyük əksəriyyəti alıcılara açıq şəkildə təqdim olunur. Bu məhsulların marketlərdə satılan analoji məhsullarla müqayisədə daha ucuz olması bir çox vətəndaşın seçiminə təsir göstərir. Nəticədə alıcılar qablaşdırılmış məhsullar əvəzinə bazarlarda açıq şəkildə satılan turşulara üstünlük verirlər.

Açıq şəkildə satılan turşular insan sağlamlığına zərər verə bilərmi?

Redaktor.az-a açıqlamasında "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, bazarlarda və digər topdansatış məntəqələrində açıq şəkildə satılan bir sıra konservləşdirilmiş məhsullara, eləcə də çəki ilə satılan şorabalara tez-tez rast gəlinir:

"Halbuki bu cür məhsullar açıq mühitdə deyil, 0–+5 dərəcə temperatur aralığında soyuducuda saxlanılmalıdır. Açıq havada saxlanıldıqda fiziki çirklənmə riski yaranır: toz, insan tükü və ya digər fiziki çirkləndirici amillər məhsula düşə bilər. Eyni zamanda, məhsulun açıq şəkildə qalması onun tez xarab olmasına və insan sağlamlığı üçün risk faktorlarının formalaşmasına səbəb olur. Bu risklər qusma, zəhərlənmə və digər sağlamlıq problemlərinə qədər gətirib çıxara bilər. Buna görə də bu məhsullar mütləq şəkildə soyuducuda saxlanmalıdır".

Müsahibimiz əlavə etdi ki, sözügedən məhsulların üzərində hər hansı etiket məlumatları mövcud olmadığından “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanunun 17.2-ci maddəsinin tələbləri pozulmuş olur.

"Etiket məlumatları olmadıqda məhsulun mənşəyi, istehsal tarixi və digər vacib göstəricilər məlum olmur ki, bu da əlavə risk amilləri yaradır. Eyni zamanda, məhsulların satışını həyata keçirən satıcıların xüsusi geyimdən, əlcəkdən, uniformadan və baş geyimindən istifadə etməməsi “cross-contamination”, yəni çarpaz çirklənmə riskini artırır. Bu risklər nəzərə alınaraq, istehlakçılara açıq şəkildə və soyuducusuz mühitdə satılan bu cür məhsulları almaqdan çəkinmələri tövsiyə olunur. Məhsullar yalnız mənşəyi bəlli olan, etiket məlumatları mövcud olan və etibarlı satış nöqtələrindən alınmalıdır. Bu halda qida təhlükəsizliyi baxımından yarana biləcək risk faktorları minimuma enir və istehlakçı məhsuldan istifadə edərkən sağlamlığı üçün təhlükə ilə üzləşmir", - deyə Seymur Qafarov qeyd etdi.

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью