Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Marketlərdə və digər satış yerlərində alış-veriş edən zaman üstü açıq şəkildə çəki ilə satılan məhsulları görürük.
Çoxumuz buna diqqət yetirmirik və demək olar ki, həmin qidaları alır və mütəmadi istehlak edirik.
Bəs, bu cür qidaların istehlak edilməsi nə dərəcədə təhlükəsizdir?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, əksər məhsulların paketlənməsi onların istehlakçıya sağlam və təhlükəsiz şəkildə çatdırılmasında mühüm rol oynayır: "Düzgün qablaşdırma qidanı xarici mühitdən ayıraraq onu toz, mikroorqanizmlər, nəmlik, temperatur dəyişiklikləri və digər fiziki çirklənmə mənbələrindən qoruyur.
Bu qoruyucu funksiyanın nəticəsində məhsulun keyfiyyəti, dadı, rəngi və qida dəyəri saxlanılır, həmçinin məhsulun raf ömrü uzadılır.
Müasir qida sənayesi bu məqsədlə xüsusi materiallardan – hava keçirməyən plastiklərdən, şüşələrdən, metal qablardan və ekoloji cəhətdən təhlükəsiz kağız paketlərdən istifadə edir.
Qablaşdırmanın digər mühüm tərəfi onun üzərində əks olunmalı olan məlumatlardır.