Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Yaşımız neçə olursa-olsun, orqanizm enerji çatışmazlığına oxşar şəkildə reaksiya verir. Ac qalmaq insanı daha əsəbi, sərt və səbirsiz edə bilər. Daha maraqlısı isə budur ki, bu fenomen hələ də tam şəkildə araşdırılmayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qida və əhval-ruhiyyə ilə bağlı elmi tədqiqatların əksəriyyəti metabolik və ya qidalanma pozuntusu olan insanlara fokuslanır.
Çünki uzun müddət aclıq sadəcə əsas fizioloji proses kimi qəbul olunub və psixologiya üçün o qədər də maraqlı sayılmayıb. Məhz buna görə yeni araşdırmanın məqsədi belə bir sual olub. Niyə bəzi insanlar enerji çatışmazlığı şəraitində də emosional tarazlığı qoruyur, digərləri isə tez qıcıqlanır? Və bu mövzudan praktiki nəticələr çıxarmaq mümkündürmü? Xüsusilə də kiçik uşaqların valideynləri üçün, çünki uşaqlar çox zaman sadəcə ac olduqları üçün məyus olur, kədərlənir və əsəbiləşirlər, amma bunu həmişə başa düşə və ya izah edə bilmirlər.
Heyvanlar aləmində aclıq qədimdən güclü motivator sayılır. Ac gəmiricilər yeməyə çatmaq üçün maneələri israrla aşır. Təbiətdə enerjisi azalan heyvanlar daha narahat olur, daha çox hərəkət edir və ərazini daha aktiv araşdırır – məqsəd tükənmə təhlükəsindən qaçmaqdır. İnsanlarda isə bu mexanizm daha mürəkkəb işləyir, çünki fiziologiya ilə davranış arasında bədənin siqnallarının psixoloji emalı dayanır.
Araşdırma üçün alimlər 90 sağlam yetkin şəxsi seçiblər və bir ay ərzində xüsusi sensorlar vasitəsilə onların qlükoza səviyyəsini fasiləsiz ölçüblər. Qlükoza orqanizm və beyin üçün əsas enerji mənbəyidir.
Belə monitorlar adətən diabetin nəzarəti üçün klinik praktikada istifadə olunur. Cihazlar hər bir neçə dəqiqədən bir göstəriciləri qeydə alıb, iştirakçılar isə istənilən vaxt tətbiqdən nəticələrə baxa biliblər. Bu da tədqiqatçılara insanların məhz nə vaxt bu məlumatlara müraciət etdiyini görməyə imkan verib.
Eyni zamanda iştirakçılardan gündə iki dəfə smartfon vasitəsilə vəziyyətlərini qiymətləndirmək xahiş olunub. Onlar 0-dan 100-ə qədər şkala üzrə özlərini nə qədər ac və ya tox hiss etdiklərini qeyd edib, həmin an əhval-ruhiyyələrini təsvir ediblər.
Nəticədə məlum olub ki, insanların əhvalı qanda şəkər səviyyəsi düşəndə yox, məhz onlar aclıq hissini dərk edib qəbul etdikləri anda pisləşirdi. Üstəlik, bədən siqnallarını daha dəqiq hiss edən, enerji səviyyəsini daha yaxşı anlayan iştirakçılar kəskin mənfi əhval dəyişikliklərini daha az yaşayırdılar.
Bu təsir “interosepsiya” anlayışı ilə izah olunur. İnterosepsiya insanın orqanizmin daxili siqnallarını hiss etmə və qəbul etmə qabiliyyətidir. Beyində uzunmüddətli enerji çatışmazlığı haqqında informasiya hipotalamus neyronlarından gəlir. Aclıq hissinin şüurlu şəkildə dərk edilməsi isə beyinin qabıq hissəsində yerləşən insula (adacıq payı) ilə bağlıdır.
Bu sahə həm dad hissinin, həm də emosional vəziyyətlərin emalında iştirak edir. Məhz bu mərhələdə fizioloji siqnal ya sakit şəkildə “yemək yeməliyəm” kimi qəbul oluna bilər, ya da emosional partlayışa çevrilə bilər. İnteroseptiv dəqiqliyi yüksək olan insanlar aclığı yenə hiss edirlər, sadəcə emosiyalarını daha yaxşı idarə edə bilirlər.
Bu, çox vacib praktiki məna daşıyır. Çünki əhvalın kəskin dəyişməsi insan münasibətlərini poza, impulsiv qərarlar verilməsinə səbəb ola və tez hazırlanmış, zərərli yeməklərə yönəlməni artırır.
Bədənin ehtiyaclarına diqqətlə yanaşmaq həm psixoloji, həm də fiziki tükənmənin qarşısını almağa kömək edir. Orqanizmin siqnallarını uzun müddət görməməzlikdən gəlmək isə uzunmüddətli perspektivdə sağlamlıq risklərini artıra bilər. Xüsusilə uşaqlar daha həssas qrup sayılır. Onlar bədən siqnallarını düzgün şərh etməkdə çətinlik çəkir və tez xarici təsirlərə yayınırlar. Buna görə də aclıq onlarda çox vaxt qəfil isterika kimi ortaya çıxır sinir sistemi artıq gözləməyə dözmür və öz istək və ehtiyaclarını düzgün izah edə bilmir.
Əgər yaxın çevrənizdəki münasibətləri analiz etsəniz, orada emosional qeyri-sabitlik əlamətləri olan ən azı bir insanın olub-olmadığını görə bilərsiniz. Əgər varsa, ciddi şəkildə düşünmək tövsiyə olunur: bəlkə də həmin şəxsdə şəxsiyyət pozuntusu ola bilər.