Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Acun Ilıcalı bu aralar İngiltərə futbolunda ən çox müzakirə olunan şəxslərdən biridi. Onun sahibi olduğu ''Hall Siti'' çempionşipdə sərgilədiyi performans və əldə etdiyi nəticələrlə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir.
''Pələnglər'' son olaraq 30-cu turda səfərdə ''Blekbern''i minimal hesabla yenərək ardıcıl 4-cü qələbə sayəsində 3-cü pilləyə yüksəldilər. Ehtiyatda bir oyunu olan ''Hall Siti'' liderlər qrupundan yalnız 5 xal geridədi. Sergey Yakiroviçin çalışdırdığı kollektiv premyer-liqaya yüksəlməyə ən ciddi namizədlərdən biri hesab olunur.
''Blekbern'' ilə oyunun gedişində Acun Ilıcalı tribunada maraqlı bir hərəkətə imza atdı. O, oyun gedə-gedə tribunada yer alan ''Hall Siti'' fanatlarından birinə zəng vurub. Bununla da ortaya maraqlı görüntülər çıxıb. Telefonun ekranında klub sahibini görən fanatlar böyük sevinc və çılğınlıq yaşayaraq Acun Ilıcalıya təzahüratlarla dəstək veriblər.
Həmin anlar İngiltərədə sosial şəbəkələrin bəzəyinə çevrilib. Elə Acun özü də o görüntüləri 13 milyonluq ''instaqram'' səhifəsinin hekayə bölümündə paylaşıb.