Ad çıxarmış “bunker” müəllimlər: onlar kimdir?

03.07.2026

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda hər il ali məktəblərə qəbul prosesi yaxınlaşdıqca abituriyentlər və valideynlər üçün gərgin mərhələ başlayır. Gənclərin gələcək karyerasını müəyyən edən bu mühüm sınaq, təhsil sisteminin kölgəsində böyük bir iqtisadi mexanizmin - repetitorluq institutunun daha da güclənməsinə rəvac verir.

Metbuat.az xəbər verir ki, bu gün orta məktəb proqramı ilə qəbul imtahanlarının tələbləri arasındakı fərq valideynləri əlavə hazırlıq kursları və repetitor axtarmağa məcbur edir. Bakıda repetitor qiymətləri fənnlərə və müəllimin nüfuzuna görə kəskin şəkildə dəyişir. Hazırda paytaxtda bir fənn üzrə qrup hazırlığının qiyməti minimum 80 manatdan başlayır. Lakin bir qədər təcrübəli və tanınmış müəllimlər bəzi fənlər üçün aylıq 150 manat hazırlıq pulu tələb edir ki, bu da övladları bir neçə fənn üzrə hazırlaşan ailələr üçün kifayət qədər ağır yükə çevrilir.

Lakin repetitor bazarında elə bir təbəqə var ki, onların qiymət siyasəti tamamilə fərqlidir. Təhsil camiasında “bunker müəllimlər” adlandırılan bu imtiyazlı təbəqə abituriyentləri qat-qat baha qiymətə hazırlayır. Onların dərslərində aylıq ödəniş adətən 250-300 manatdan başlayır. Bəzi xüsusi hallarda, fərdi şəkildə keçirilən hazırlıqların qiyməti 500, hətta 700 manata qədər yüksəlir.

Bəs cəmiyyətdə əfsanəyə çevrilən bu “bunker müəllim” kimdir?

Qeyd edək ki, bu anlayış vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki DİM) qəbul imtahanı suallarının tərtibində, ekspertizasında və test bankının formalaşmasında birbaşa iştirak edən, imtahanın gizli mətbəxinə bələd olan qapalı mütəxəssislər qrupu üçün yaranıb. Valideynlər inanırlar ki, bu müəllimlər sualların strukturunu və gələcək imtahan modellərini hamıdan yaxşı bildiyi üçün şagirdə 700 ballıq zəmanət verə bilərlər.

Bununla belə, bu dərəcədə şişirdilmiş repetitorluq institutunun və xüsusən “bunker” sisteminin təhsilimiz üçün çox ciddi mənfi cəhətləri var. İlk növbədə, bu sistem orta məktəbləri funksiyadan salır, şagirdlərin sinif otaqlarından uzaqlaşaraq yalnız test əzbərçiliyinə yönəlməsinə səbəb olur. Repetitorluq təhsildə sosial bərabərsizliyi dərinləşdirir; imkanı olmayan ailələrin istedadlı övladları rəqabətdə geridə qalır. Hesab edirik ki, təhsilin bir neçə “bunker” müəlliminin inhisarına verilməsi və imtahan uğurunun fantastik məbləğlərlə ölçülməsi milli təhsilin faciəsidir. Düşünürük ki, dövlət məktəblərində tədrisin keyfiyyəti artırılsa, valideynlər övladının gələcəyini repetitorların otaqlarında deyil, məhz məktəb partası arxasında görə bilərlər…

Nazim Hüseynzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью