Ad günü

24.08.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Qorxmaz Şıxalıoğlu

İsraildən telefonuma mesaj gəldi. Ötən əsrin 90-cı illərinin əvvəllərindən İsraildə yaşayan tələbə dostum Namiq məni ad günü münasibətilə təbrik edirdi. Bu mesaj aramızdakı coğrafi məsafənin havasından daha çox, illərin uzaqlığı ilə qəlbimi kövrəltdi. O 70-ci illərin küləkli Bakı küçələri gəlib keçdi gözümün qabağından. Cavan tələbə dostlarımı gördüm, universitetimizin dəhlizlərini gördüm. Bir yerdə keçirdiyimiz ad günlərini xatırladım.

Əslində, mən onuncunu bitirib Bakıya gələnə qədər heç vaxt ad günü keçirməmişdim. Bütövlükdə bizim kənddəkilərin cəmi üç ad günü vardı: Yeni il, Novruz və Ramazan. Düzü, biz tərəflərdə o vaxtlar “ad günü” anlayışı yox idi. Bir də ki, kənddə, söz açdığım o 60–70-ci illərdə, hər ailədə 7–8 uşaq vardı. İndi gəl bunların hərəsinə bir ad günü keçir. Adam bunu heç ağlına sığışdıra bilmir.

Sonralar hər kəndimizə gedəndə dostlarımla çox məclislər qurmuşuq. Ancaq bunların nə mənim, nə də dostlarımın ad günü ilə heç bir bağlılığı olmayıb. Qəribədir, hərdən fikirləşirəm ki, görən, məndə ad gününə olan bu ögeylik nədəndir? Haqqına götürsək, insanın hansı gündə doğulmağı heç nəyi ifadə etmir, yaxud da heç nəyi dəyişmir. Belə ki, hər bir insan hansı gündəsə doğulmalıdır. Çünki təqvimdən kənar gün yoxdur. Deyək ki, mən 20 may yox, 20 yanvarda da doğula bilərdim, yaxud da başqa bir gündə. Guya həyatımda nə dəyişəcəkdi? Ona görə də on iki ayın istənilən gününü öz ad günüm kimi qəbul edirəm. Doğum gününə münasibətim beləcə sadədir.

Köhnə adamlar (onların yaddaşı mənim üçün həmişə etibarlı olub) doğum gününü təqvimlə yox, daha çox hansısa hadisə ilə xatırlayırlar: “A bala, anam mənə deyərdi ki, Nikolay taxtdan yıxılanda sənin yeddi yaşın vardı”. “Arifin toyu olan il ‘Neftçi’ bürünc medal aldı”. (Misallar kəndimizlə bağlıdır.)

Görünür, yaşlılar üçün rəqəm yox, hadisə önəmlidir...

Mən orta məktəbdə oxuyanda üç il sərasər əsgərlikdə olan böyük qardaşım Aydına məktub yazar, SSRİ-nin əsas bayramları olan 23 fevral, 1 may, 7 noyabr, 31 dekabra görə ona rəngli “açıqca”lar (o vaxtlar “otkrıtka” deyərdik) yollayardım. Ancaq onu ad günü ilə bağlı, açıqca o yana, heç ikicə kəlməlik sözlə belə təbrik etmək ağlıma da gəlməzdi. Bütün kənd kimi.

Yalnız əsgərlikdən qayıdandan sonrakı 3–4 ildə Buynuz kəndinə — şeirlərinin vurğunu olduğum Musa Yaqubun ad gününə üzərində təbiət təsvirləri olan açıqcalar göndərmişəm, yəni onu ad günü münasibətilə təbrik etmişəm. M. Yaqub onda artıq məşhur şair idi, yaradıcılığının parlaq dövrünü yaşayırdı. O vaxtkı düşüncəmə görə, yalnız məşhur adamlar ad günü təbrikini haqq edə bilərdilər. Bir də böyük şəhərlərdə yaşayanlar. Yəni kənd adamına ad günü keçirmək yaraşmaz. Amma illər keçdikcə bu stereotip düşüncəmdə sınmağa başladı.

Ad günü keçirməsələr də, kənddə — daha çox qış gecələri — hər həftə, ya da 10–15 gündən bir 6–7 cavan növbə ilə birinin evinə yığışar, toğludan, çəpişdən, ən pis variantda bir-iki hinduşkadan kəsib məclis qurardılar. Ancaq bunun ad gününə heç bir aidiyyəti yox idi...

Nəhayət, haradasa ötən əsrin 80-ci illərinin əvvəllərində ad günü kəndimizə ayaq açmağa başladı və bu yolda ilk addım atanlardan biri də mən oldum.

1991-ci il mayın 8-də atamın 70 yaşı tamam oldu. Bir ay əvvəldən qərara gəlmişdim ki, kənddə müəllim atama bir ad günü keçirim. Onda mən artıq 19 il idi ki, Bakıda yaşayırdım, yəni müəyyən qədər “şəhərli” olmuşdum. Üstəlik də, 10 il idi Azərbaycan Radiosu və Televiziyasında ştatdankənar müxbir kimi çalışırdım.

İstəyirdim ki, televiziyadakı dostlardan bir operatora da xahiş edəm, atamın ad gününü lentə alsın. Böyük qardaşım “Kənddən ayıbdır, şitlik eləmə”, — dedi. Heyif ki, mən də onun sözünə qulaq asdım. Həmin gün Bakıdan bir-iki dostum da gəlmişdi. Toy kimi bir ad günü keçdi. Bu, kənddə gördüyüm birinci və sonuncu ad günü oldu.

Nə o gündən əvvəl, nə də sonra yadıma gəlmir ki, mən kəndimizdə kiminsə ad günündə iştirak edim. Çünki nə məni çağırıblar, nə də getmişəm. Əslində, nə mənim, nə də sinif yoldaşlarımın bir-birimizin ad günü tarixindən əsla xəbəri yoxdur.

Atam isə, deməsəm olmaz, iki il sonra öz ad günündə dünyasını dəyişdi...

...Şəhərin öz ritmi, öz yaşam tərzi var. Bu qaynarlığın içində ad günü keçirmək sanki rahat nəfəs almaq üçün bir fürsətdir. Bu yerdə istər-istəməz “Ad günü” filmi yada düşür. Filmin əsas ideyası öz yerində, amma o hay-küylü məclis, şənlənən, oynamaqdan doymayan adamlar, bir-birini təkrarlayan cansıxıcı günlərin bozluğundan qurtulmaq istəyi “ad günü” adlı gerçəyi daha çox əks etdirir.

Ad günü, əslində, şəhərin simvoludur.

Heykəllər, parklar, çay kimi axan maşınlar, pəncərə əndazəsindən çıxan nəhəng vitrinlər, göz qamaşdıran işıqlı prospektlər, reklamlar...

Kənd isə belə deyil, o, sanki sükutun rəmzidir. Burada cırcıramanın səsi də, pəncərədən həyətə düşən işıq da, elə bil, sükutdur. İşin-gücün əldən saldığı adamların yorğunluğunda da sanki halallığın dərin sükutu var. Və adama elə gəlir ki, göydə axıb gedən ulduzlar da, səhərə qədər gözünü yummayıb onlara baxan çay da, göl də elə bu insanlarla həmahəng nəfəs alır, daha ad günü, yubiley adlı mərasimlərlə bu əbədi ahəngin axarında arakəsmələr yaratmaq istəmir. Burada ad gününə yer yoxdur. Lap düzünü desək, kənd ad gününü lazımsız bir iş hesab edir...

Amma... mən də məni “şəhərli” edən zamana boyun əydim. Ötən il Bakıda təmtəraqla 70 illiyimi keçirdim. Düzü, o yubileydə səslənən təbriklər, gül-çiçək yadıma düşəndə özümü, necə deyərlər, solaxay vəziyyətdə hiss edirəm. Fikirləşirəm ki, kəndimizin mən gördüyüm o köhnə kişiləri bu tərifləri eşitsəydilər, görən, nə günə düşərdilər. Yəqin, olan-qalan hörmətimi də itirərdim.

Rəhmətlik Vəkil kişi vardı — bibimin əri. Azman bir adam idi. Beş-altı göy qutabını (lap ən cavan vaxtlarımda mən ikisini zorla yeyirdim) üstünə bir kasa əridilmiş camış yağı əndərib yeyərdi. Yeməyinə uyğun da işləməyi vardı. Yay günlərində ağır kolxoz işindən qayıdıb kürsülü evlərinin eyvanında oturub çörəyini yeyər, sonra da mütəkkəsinə söykənib samovar çayına girişərdi. “Koroğlu” dastanındakı babat qoşmalardan aşıq kimi zümzümə etməyi də vardı.

Belə günlərin birində görür ki, yuxarı sinifdə oxuyan qızı eyvanın alçaq sürahısının üstünə köhnə vedrələrdə əkdiyi gül-çiçək dibçəklərini düzüb. Vəkil kişi bir-iki gün birtəhər dözür, çünki dibçəklər qarşıdakı yamacları, orada bitən dörd nəhəng qarağacı, Göyçay tərəfdən gələn torpaq yolu görməyə mane olurdu. Elə ertəsi gün günorta daha dayana bilmir, dibçəkləri süpürləyib tökür həyətə. Sonra qızının doluxsunduğunu görüb karıxır, pis olur. Özünə haqq qazandırırmış kimi:

— Bunlar nar gətirir, yoxsa heyva gətirir? — deyə vəziyyəti yumşaltmağa çalışır...

İndi bu coşub-çağlayan, şampan şərabları ilə aşıb-daşan fujerləri, tostlara, statuslara sığmayan təriflərlə dolu ad günlərini görəndə rəhmətlik Vəkil kişi yadıma düşür...

Mən kənddə böyümüşəm. Bəlkə, elə ona görədir ki, bu cür şiti çıxmış ad günlərini görəndə sıxılıram.

İstəyirəm deyəm ki, siz Allah, insanı məcrasından çıxarmayın. İmkan verin, bu qoxusuz, həyat nişanəsi olmayan gül-çiçəyin, bu ağılsız, əndazədən çıxan ad günlərinin, yersiz təriflərin mənasız ilğımından canımızı qurtaraq. Qoy həyatı olduğu kimi görək. Həyat çox sadədir. Bir müdrik demişkən, heç nə sadəlik qədər göz qamaşdırmır. Elə yuxarıda adını çəkdiyim “Ad günü” filminin ən gözəl, ürək kövrəldən yeri də məhz bu əsərin sonluğudur. Mənim üçün bir dostumun kitabının çapı ən gözəl ad günüdür. Onun doğum tarixi mənə o qədər də maraqlı deyil. Mən ad günü tədbirlərini daha çox uşaqlara yaraşdırıram.

Elə XIX əsrin sonlarından ad günü ilə bağlı bir ilk kimi tarixə düşən amerikalı Hill bacılarının yazdığı mahnı da bağça uşaqlarına həsr olunub. Bu gün də dünyada ad günlərində ən çox oxunan məhz həmin mahnıdır. Elə rusların da məşhur “Ad günü” mahnısının tarixi uşaqlarla bağlıdır. Qulağıma “ad günü” ifadəsi dəyəndə həmişə deyib-gülən, nəğmə oxuyan, oynayan balacalar gəlir gözümün qabağına. Bəlkə də, inanmazsınız: mən təsadüfən küçədə sıra ilə gedən bağça uşaqlarını görəndə xoşbəxt oluram, istər-istəməz sübhün şəfəqlərini xatırlayıram, bütün varlığıma sevinc hissi hakim kəsilir. Mən onda bu hissin dadını, ətrini duyuram...

Dünyanı verək uşaqlara,
heç deyilsə, bir günlüyünə...
Allı-güllü bir şar kimi verək,
oynasınlar.
Oynasınlar mahnılar oxuyaraq
ulduzların arasında...

Elə fikirləşməyin ki, ad günü ilə bağlı düşüncələrimə kömək olsun deyə, çox sevdiyim N. Hikmətin şeirindən misal gətirirəm. Yoox. Deyirəm ki, bu yazımı o nəhəng şair oxusaydı (sən arzuya bax), yəqin, mənim tərəfimdə dayanardı.

Sovetdənqalma pafosu qırağa qoyaq, uşaqlar sözün həqiqi mənasında sabahımızdır...

Siz Allah, elə düşünməyin ki, mən böyüklərə ad günü keçirməyin əleyhinəyəm. Yoox, bir də yox.

Avqustun 26-da dostum, xalçaçı-rəssam Gülmurad Bəbirovun ad günüdür. Həmin gün dostlarla Zabrata gedəcəyik. Orada tostlar da olacaq, zarafatlaşma da, şampan da, araq da. Daha çox poeziyadan, gənc, istedadlı şair-yazıçılardan, rəssamlardan, kinodan, musiqidən söhbət gedəcək. Əslində, ad günü bizə bir bəhanə olacaq. Sadə bir bəhanə ki, sənətdən, ümiddən, sevgidən, işıqdan danışaq. Belə həyat ətirli söhbətlərdə boğazdan yuxarı tostlara yer olmur.

Gecəyarı Gülmuradgildən qayıdanda oturduğumuz taksinin şüşələrində bərq vuran yolboyu işıqlar ruhumuzu oxşayacaq, ürəyimizdəki rahatlığa təkrar-təkrar sığal çəkəcək və yəqin ki, böyük N. Hikmətin məşhur sözlərini yada salacaq: “Yaşamaq gözəldir, qardaşım”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью