Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Türkiyə müxbirimiz, jurnalist Yaqut Misirxanlının qardaşı, şair Nasir Misirxanovun doğum günüdür. "Türküstan" kollektivi olaraq şairi ürəkdən təbrik edir, can sağlığı və yaradıcılığında uğurlar diləyirik! Nasir Misirxanovun şeirlərindən bəzilərini oxuculara təqdim edirik.
Ad günüm
Bu gün ad günümdür...
sakit bir otaq,
Yenə xatirələr gəlib qonağım,
Divardan boylanan körpə uşağa,
Titrəyir baxanda mənim dodağım.
Hanı o mehriban,
isti nəfəslər?
Küçədə qaçdığım o gözəl illər?
İndi hər tərəfdə soyuq nəzərlər,
Ruhum o illərin sorağındadı.
Zaman gəncliyimdən ayırdı məni,
O sadə libasdan, arzularımdan,
Geriyə qalanı xatirələrdir,
Bir də heç solmayan köhnə şəkillər.
Bu gün qocalığa gülümsəsəm də,
Ruhum o günlərin sorağındadı,
Mənim gəncliyim də, təravətim də,
O uzaq keçmişin qucağındadı.
Nasir Misirxanov
Yeni yaşım
Bir yaş da əlavə oldu yaş üstə,
Zaman qanad açıb, uzağa qaçır.
Bu gün xatirələr durub baş üstə,
Ötən illərimə pəncərə açır.
Uşaqlıq illəri qalıb yadımda,
Küçədə qaçışan saf uşaq idim.
Dünya nağıl idi xəyallarımda,
Dərddən, qüssələrdən çox uzaq idim.
Sonra gənclik gəldi, çılğın və dəli,
Hər gün bir ümidlə, eşqlə döyündü.
Həyatın ən gözəl, ən şirin dəmi,
O coşqun çağlara baxıb öyündü.
Bu gün yeni günə qədəm qoyuram,
Gələn illərimiz uğurlu olsun.
Ömrün yollarında addımlayıram,
Ömrümüz hər zaman sevgiylə dolsun.
Nasir Misirxanov
Bəy oğlum
(Oğlum Misirxana)
Qürbət ellər vətən oldu, yurd oldu,
Sevincimdən qəm, kədərim yox oldu,
Tanrı sənə həmdəm oldu, yar oldu,
Get, salamat qayıt yurda, bəy oğlum!
Bəyaz günəş kəm olmasın üstündən,
Yarıyasan hər gördüyün işindən,
Vətən sözü qoy düşməsin dilindən,
Get, salamat qayıt yurda, bəy oğlum!
Çətin günlər, zor zamanlar keçibdi,
Böyüdükcə həyat səni dəyişdi,
Sevdiyin yar sənə həmdəm gəlibdi,
Get, salamat qayıt yurda, bəy oğlum!
Atan Nasir dua edər ürəkdən,
Uca Rəbbim göstərməsin nə dərd, qəm.
Bir gün gələr anlayarsan oğul sən,
Bu qəlb sənə bağlı cani könüldən.
Nəvəm üçün yaşayıram bir də mən,
Get, salamat qayıt yurda, bəy oğlum!
Nasir Misirxanov