Adanada içki məclisi ölümlə nəticələndi

25.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adanada eyni evdə spirtli içki qəbul edən 3 nəfər arasında baş verən mübahisə 33 yaşlı Emrah K.-nın ölümü ilə nəticələnib. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 20-də saat 03:00 radələrində Adananın mərkəz rayonlarından birində baş verib.

Məlumata görə, Emrah K. ev yoldaşları Tamer İ. (21) və Mehmet S. (24) ilə birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb. Təhqirlə başlayan mübahisə qısa müddətdə davaya çevrilib.

Dava zamanı Emrah K. bıçaq zərbələri ilə ağır yaralanaraq divana yıxılıb. Tamer İ. və Mehmet S. isə hadisədə istifadə olunan bıçağı pəncərədən çölə atıblar. Daha sonra isə yaralı Emrah K.-nın olduğu evdə bir müddət qalmağa davam ediblər.

Onlar bir müddət sonra “112 zəng mərkəzi” ilə əlaqə saxlayaraq mənzildə qapalı qaldıqlarını və açarı tapa bilmədiklərini deyərək kömək istəyiblər. 

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib. Yanğınsöndürənlər qapını sındıraraq mənzilə daxil olduqdan sonra Emrah K.-nın öldüyünü müəyyənləşdiriblər.

Polisin ərazidə apardığı axtarış zamanı binanın həyətində üzərində qan ləkələri olan bıçaq aşkarlanıb. Bıçağın hadisədə istifadə edildiyi ehtimal olunur.
Saxlanılan Tamer İ. və Mehmet S. ifadələrində Emrah K.-nı özlərinin bıçaqlamadığını bildiriblər.

Birlikdə spirtli içki qəbul etdiklərini təsdiqləyən şübhəlilər mübahisənin səbəbini xatırlamadıqlarını deyiblər. Onların cinayəti bir-birinin üzərinə atdığı bildirilib.

İstintaq tədbirlərindən sonra hər iki şübhəli məhkəmənin qərarı ilə həbs olunub.Hadisədə istifadə edildiyi ehtimal olunan bıçaq isə kriminal ekspertiza üçün Adana Kriminal Polis Laboratoriyasına göndərilib.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью