Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 12 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının memarı Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən fakültənin dekanı Təvəkkül İslamov Konstitusiya Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu gün Azərbaycan dövlətçiliyi və milli kimliyi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikası Konstitusiyasının hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm rolunu diqqətə çatdırıb. Qeyd edib ki, Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyən edən ali sənəd deyil, həm də milli dövlətçilik ənənələrinin qorunmasının, qanunun aliliyinin təmin edilməsinin və vətəndaş hüquqlarının müdafiəsinin əsas təminatıdır.
Həmin kafedranın dosenti Əbdürəhman Kazımov və Azərbaycan Dövlət Aqrar Universitetinin Ağsaqqallar Şurasının sədri dosent Siyasət Məmmədov da mövzu ilə bağlı çıxış ediblər. Onlar xüsusi vurğulayıblar ki, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ölkəmizin dövlətçilik tarixində ən mühüm hadisələrdən biridir və bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri ilə bilavasitə bağlıdır. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin hüquqi əsaslarını formalaşdıraraq onun inkişafına güclü təkan verib.
Tədbir Konstitusiya Günü münasibətilə təbriklərin çatdırılması, milli dövlətçilik dəyərlərinə və hüquqi prinsiplərə ehtiramın ifadə olunması ilə yekunlaşıb.
Müxbir - Elcan Məmmədov