Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dəmir yolu sektorunda rəqəmsal bacarıqların inkişafı üçün hökumətə 500 min ABŞ dolları məbləğində texniki yardım ayırıb.
“Report” ADB-yə istinadən bildirir ki, layihə Koreya Respublikasının Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondunun vəsaitindən ayrılan qrant hesabına maliyyələşdiriləcək.
Texniki yardım layihəsinin 2025-ci ilin yanvar ayından 2026-cı ilin dekabr ayınadək həyata keçirilməsi planlaşdırılır.
Texniki yardım 2024-cü il sentyabrın 30-da təsdiqlənmiş "Azərbaycan Dəmir Yolları"nın (ADY) rəqəmsal transformasiya layihəsini tamamlayacaq.
Hazırda ADY əməkdaşlarının rəqəmsal təlim proqramı tələb prinsipi əsasında qurulur: departamentlər hər il kadrlar şöbəsinə təlim üçün müraciət edir, daha sonra sözügedən şöbə müvafiq plan hazırlayır.
Təlimin təxminən 90 %-i planlaşdırılır, qalan 10 %-i isə gözlənilməz ehtiyacların təmin edilməsinə və ya rəhbərliyin tövsiyələrinin yerinə yetirilməsinə yönəlib.
Bank qeyd edir ki, ADY-nin rəqəmsal bacarıqların inkişafına yanaşması üç əsas istiqaməti əhatə edir: kənardan ixtisaslı İT mütəxəssislərinin cəlb edilməsi, mövcud işçilər üçün təlim proqramlarının təşkili (əsasən xaricdən podratçılar cəlb etməklə) və yerli universitetlərdən və peşə təhsili müəssisələrindən gənc İT mütəxəssislərinin muzdlu işə götürülməsi.