Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan mətbuatının həqiqətdən kənar iddiaları və Cənubi Qafqazın yeni geostrateji xəritəsi
Bakı Ekspo Mərkəzində keçirilən ADEX (Azərbaycan International Defence Exhibition) sərgisi növbəti dəfə regionun hərbi-texniki güc mərkəzinin məhz Bakı olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin, qabaqcıl texnologiyaların və beynəlxalq nümayəndə heyətlərinin qatıldığı bu qlobal miqyaslı tədbir fonunda Ermənistan mətbuatında reallıqdan tamamilə uzaq, qərəzli və isterik məqalələrin dərc edilməsi təəccüb doğurmur. İrəvan medianın əsas xətti Cənubi Qafqazda sülh prosesini şübhə altına almaq, Azərbaycanın hərbi potensialını "təhdid" kimi qələmə vermək və strateji əhəmiyyətli TRİPP (Trans-Regional International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah Nəqliyyat Dəhlizi) layihəsinin reallaşacağına inanmamaq üzərində qurulub.
Lakin təbliğat və manipulyasiya hər zaman olduğu kimi, sərt faktlar və real geostrateji dinamika qarşısında məğlub olmağa məhkumdur. Ermənistan mətbuatı Bakıdakı müdafiə sərgisini regionda "yeni müharibənin hazırlığı" kimi təqdim etməyə çalışır. Bu yanaşma tamamilə məntiqsiz və manipulyativdir.
Hər bir suveren dövlət kimi Azərbaycan da öz sərhədlərinin təhlükəsizliyini, ərazi bütövlüyünü və hərbi qüdrətinin müasir çağırışlara cavab verməsini təmin etmək hüququna malikdir. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri göstərdi ki, güclü ordu sabitliyin və sülhün əsas qarantıdır. Azərbaycanın hərbi sənaye kompleksi və ADEX kimi sərgilərdə nümayiş etdirilən yüksək texnologiyalı məhsullar hər hansı üçüncü tərəfə hücum etmək üçün deyil, Cənubi Qafqazda gələcək təxribatların qarşısını almaq üçün çəkindirici (deterrence) rolunu oynayır. Regionda sabitliyi pozmaq istəyən qüvvələr məhz Azərbaycanın bu hərbi-texniki üstünlüyünü həzm edə bilmirlər.
TRİPP layihəsi və İrəvanın inamsızlığı
Ermənistan mediasının əsas hədəflərindən biri də TRİPP layihəsinin (və ya regional inteqrasiya və nəqliyyat-kommunikasiya xətlərinin açılışının) reallaşmayacağını iddia etmək, cəmiyyəti saxta ümidlərlə aldatmaqdır. Zəngəzur dəhlizi və onun qlobal miqyasdakı qolları olan trans-regional nəqliyyat arteriyaları təkcə Azərbaycanın və ya Türkiyənin deyil, bütövlükdə Avrasiya qitəsinin ticarət-logistika arxitekturasını dəyişdirir. Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan bu layihələr Çindən Avropaya yük daşımalarının vaxtını və xərclərini kəskin şəkildə azaldır.
İrəvanın bu layihələrə inanmaq istəməməsi obyektiv reallıqdan deyil, daxili siyasi qorxulardan və revanşist dairələrin təzyiqindən irəli gəlir. Azərbaycan və Türkiyə tərəfindən dəfələrlə bəyan edilib ki, kommunikasiyaların açılması bölgədə hamının xeyrinə olan iqtisadi intibah dövrü açır. Ermənistan bu prosesdən kənarda qaldıqca, öz iqtisadi və coğrafi təcridini dərinləşdirir.
Sülh kimə sərf edir?
Ermənistan mətbuatının "Azərbaycan sülh istəmir" tezisi tamamilə əsassızdır. Reallıq isə tam başqadır. Məhz Azərbaycan işğal bitdikdən dərhal sonra beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh müqaviləsi bağlamağı təklif edib:
Birincisi, sərhədlərin delimitasiyası: İkitərəfli əsasda həyata keçirilən sərhəd delimitasiya prosesləri göstərir ki, kənar havadarların (Fransa və s.) destruktiv müdaxilələri olmasa, tərəflər praktiki məsələləri özləri həll edə bilərlər.
İkincisi, regional inteqrasiya: Bakı sülhün yalnız kağız üzərində deyil, iqtisadi layihələr, nəqliyyat xətləri və qarşılıqlı etimad mühiti ilə möhkəmlənməsində maraqlıdır. ADEX sərgisində xarici dövlətlərin nümayəndələrinin və diplomatik korpusun iştirakı da Azərbaycanın qlobal tərəfdaşlığa açıq olduğunu sübut edir.
ADEX həqiqətləri və Ermənistan
Bu gün Ermənistanda aparılan müzakirələr narahatlıq doğurur. Respublika rəhbərliyi səviyyəsində sülh, yeni dövr, açılmamış yollar və regional əməkdaşlıq haqqında danışmaq müsbət fikirlər formalaşdırır. Baş nazir Nikol Paşinyan sentyabr ayında Hessen Sülh Mükafatını qəbul edərkən məhz bu barədə danışmışdı. Onun sözlərinə görə, “Ermənistan və Azərbaycan arasında "mükəmməl olmasa da", sülh bərqərar olub və iki ölkə hələ də bir çox humanitar problemlərlə üzləşir”. Ermənistan mətbuatı isə başqa bir mövzunu qabardır: “Amma bir problem var, sülh bəyannamələri kürsüdən əla səslənir, lakin dövlətin təhlükəsizliyi yalnız bəyannamələrlə müəyyən edilmir. Bəzən sadəcə sərhədin o biri tərəfində baş verənlərə baxmaq kifayətdir. Rəhbərliyimiz yeni sülh dövrü haqqında danışarkən, altıncı ADEX Beynəlxalq Müdafiə Sərgisi Bakıda açılıb. Və miqyasını nəzərə alsaq, bu, bir az narahatedicidir”.
Xatırladaq ki, sərgidə 29 ölkədən 270-dən çox şirkət iştirak edir. 33 ölkədən 45 xarici nümayəndə heyəti, 14 ölkədən milli pavilyonlara ABŞ, Böyük Britaniya, Almaniya, İsrail, Çin, Türkiyə, İtaliya, Rusiya və digərləri daxil idi. İlk dəfə olaraq milli eksponatlar üçün ayrıca pavilyon ayrılıb. Diqqətəlayiq haldır ki, 907-ci maddənin ləğv edilməməsinə, sadəcə dayandırılmasına baxmayaraq, ABŞ ilk dəfə olaraq Northrop Grumman, Lockheed Martin, SIG SAUER, Vantor və Ondas da daxil olmaqla bir neçə böyük istehsalçı tərəfindən təmsil olunub.
Almaniya şirkətləri Rheinmetall və Rohde & Schwarz, Britaniya BAE Systems və digər şirkətlər də sərgidə debüt ediblər. Hətta Birləşmiş Krallıq 18 Britaniya şirkətinin nümayəndələri ilə birlikdə müdafiə naziri Lord Vernon Coaker-i də Bakıya göndərib.
Əlbəttə, hər bir ölkənin müdafiə ilə məşğul olmaq hüququ var. Azərbaycanın silah almaq hüququ, Türkiyənin isə onları satmaq hüququ var. ABŞ, Böyük Britaniya, Almaniya, İsrail və digərləri Bakı ilə əməkdaşlıq etmək hüququna malikdirlər. Azərbaycan öz müdafiə sənayesi potensialını nümayiş etdirir. Sərgidə dronlar, dron əleyhinə sistemlər, kiçik silahlar və müxtəlif hərbi texnologiyalar nümayiş olunur. Məsələn, nümayiş olunan BORAN dronu yerli texnologiyalardan istifadə edərək Azərbaycan mühəndisləri tərəfindən hazırlanıb, onun yük daşıma qabiliyyəti 30 kiloqrama çatır.
Bayraktar Teknoloji Azərbaycan şirkətinin azərbaycanlı mühəndisləri və mütəxəssisləri tərəfindən hazırlanmış şaquli qalxma və eniş dronu olan KASIRGA da nümayiş olunur. Bu fonda bir rəqəm xüsusilə əhəmiyyətlidir: 2025-ci ildə Azərbaycan 1,4 milyard manat dəyərində hərbi məhsul istehsal edib. Bunların əksəriyyəti Azərbaycanın öz silahlı qüvvələrinə tədarük edilib, bəziləri isə ixrac olunur. Bəli, Azərbaycan artıq təxminən 20 ölkəyə hərbi məhsul ixrac edir.
Ermənistan mətbuatının yaydıgı həqiqətdən uzaq məlumatlar və TRİPP layihəsinin uğursuzluğuna dair iddialar reallığı dəyişdirə bilməz. ADEX sərgisi Azərbaycanın gücünü, texnoloji inkişafını və suverenliyini nümayiş etdirdiyi kimi, regional layihələr də Cənubi Qafqazın gələcək iqtisadi mənzərəsini qaçılmaz olaraq formalaşdırır. İrəvan köhnəlmiş illüziyalardan və əsassız qorxulardan əl çəkərək yeni regional reallıqlarla barışmalı, sülh və əməkdaşlıq fürsətlərini qaçırmamalıdır.
V.VƏLİLİ