Adı böyük, dərdi adından da böyük...

02.07.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz”. (İmadəddin Nəsimi)

Ehtiram Quliyevin Azərbaycan futbolunun inkişafı üçün etdiklərini danmaq olmaz. İllərdi "böyük futbol”a həsrət qalan, AFFA-nın qanadı altında gününü keçirməklə məşğul olan Tovuz futbolu məhz onun gəlişindən sonra dirçəldi və əvvəlki əzəmətli günlərini xatırlatmağa başladı. Heç kimin şübhəsi yoxdur ki, tovuzlu futbolsevərlər Azərbaycanın ən yaxşı azarkeşlərindəndir. Onlar öz klublarını ürəkdən sevir, komandalarına tribunadan lazımınca dəstək verir. Bu cür azarkeşlərə də Ehtiram Quliyevin timsalında bölgə futbolu üçün böyük işlər görməyə, həmin yolda yetərli qədər pul xərcləməyə hazır olan klub prezidenti də tam layiqdir.

Təəssüflər olsun ki, Ehtiram Quliyev Tovuz futbolu üçün nə qədər böyük işlər görsə də, onun klubun ətrafına topladığı, klubun idarəetməsində böyük etimad göstərdiyi kadrlar bu işərin "kölgəsində” qalır, bir çox hallarda isə kluba zərər vurmaqdan çəkinmirlər. Belə nümunələr yetərincədir. Bir ətək pul xərclənib, stadionun aydınlandırılması üçün qoyulan projektorların küləkli havada aşması naşı idarəçiliyin kiçik siqnalı idi. Həmin vaxt Allah azarkeşləri qorudu, projektorun altında qalıb əzilən olmadı. Stadionun yenilənmiş ot örtüyü özünü tutmamış, torpağın üzərində bərkiməmiş onun üzərində oyun keçirilməsi də peşəkar davranış deyildi. Bu tələskənliyin, qeyri-peşəkarlığın nəticəsində "Turan Tovuz” mövsüm ərzində bir neçə dəfə doğma meydanından didərgin düşüb, qaçqın həyatı yaşadı. Ehtiram Quliyev isə ikiqat xərcə düşdü. 

Kimsə Ehtiram bəyi əməlli-başlı inandıra bildi ki, azərbaycanlı hakimlər onun rəhbərlik etdiyi klubla düşmənçilik edir, "Turan Tovuz”un irəliləməsini, avrokuboklarda iştirakını istəmir. O da "Zirə”ylə oyundan sonra emossional davranıb, bir qrup inanclı insanı incitməkdən, ölkənin ən yaxşı hakimlərindən biri olan Əliyar Ağayev haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinmədi. Bəli, həmin oyunda da, digər qarşılaşmalarda da hakimlərin səhv qərarları olub. Amma hazırda davam edən dünya çempionatı belə göstərir ki, hakim səvhlərindən qaçmaq olmur. Hətta ən yüksək texnologiyalar belə ideal idarəçilik üçün yetərli deyil.

Hadisələrin sonrakı gedişatı göstərdi ki, "Turan Tovuz”un avrokuboklara gedən yolunu kəsən hakimlər deyilmiş, elə Ehtiram bəyin etimad göstərdiyi naşı idarəçilər imiş. Onlar zamanında məsələni araşdırıb, "Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılmasını aşkar edə bilməyibmişlər. Bu səbəbdən də tovuzlu azarkeşlərin sevinci ürəyində qaldı, "Turan Tovuz” min bir əziyyətlə qazandığı vəsiqədən yararlanıb, avrokuboklarda iştirak edə bilmədi. Bütün ölkə "Turan Tovuz”un cəzasına görə həyacan keçirib, təşvişə düşəndə elə həmin naşı idarəçilər özlərini heç nə olmamış kimi aparıb, ictimaiyyətə yanlış bilgi verirdilər.

Qorxulan oldu, UEFA "Turan Tovuz”u Konfrans Liqasına buraxmadı. CAS-a ünvanlanan müraciət də, xaricidən vəkil tutulması da nəticəsiz qaldı. Görünən o idi ki, UEFA-nın əlində ciddi əsaslar varmış. Tovuz təmsilçisinin problemi təkcə 2019-cu ildə yaşananlarla bitmir. "Turan” adlı futbol klubun FİFA-da "qara siyahı”da olması, illərlə yığılıb qalan borcların ödənməməsi heç kimə sirr deyil. Məhz bu borcların ödənilməməsi üçün bir neçə dəfə klubun adını dəyişiblər, gah "Turan T” olub, gah "Turan Tovuz”. Mən bu məsələdə də kimisə ittiham etmirəm, başqalarının borclarına görə Ehtiram Quliyev xərcə düşməli deyil.

Amma burda bir məsələ də var. Əgər indiki klub "Turan”ın borclarına sahib çıxılmırsa, nə üçün onun adına və tarixinə sahib çıxıb, azarkeşlərin duyğularıyla oynayırlar? Bir neçə gündür ki, mətbuatda "Fənərbaxça”nın Tovuza gələcəyi, "Turan Tovuz”la yoldaşlıq görüşü keçirəcəyi haqda yazılır. Bu yoxlama oyunun ətrafında da yetərincə böyük hay-küy yaradılıb, azarkeşlərin könlünü oxşamaq üçün 32 il əvvələ qayıdıb, tarixi oyunu xatırladırlar. UEFA-nın və FİFA-nın qulağından iraq. Necə olur ki, "Turan Tovuz”un 2019-cu ildə "danışılmış oyunlar”a görə cəzasına qatlaşmayıb, bunun indiki klubla əlaqəsi olmadığını deyənlər 32 il geriyə qayıdıb, hazırda hüquqi baxımdan mövcud olmayan "Turan”ın vərəsəsi kimi danışır, onun tarixinə sahiblənirlər? Lap "Bizim Cəbiş müəllim” filmində bazarda hinduşkasını təpikləyən alverçi Əbülfəz kimi. Bu faktın özü də "Turan Tovuz”un idarəçiliyindəki qüsurlardan xəbər verir. 

Yaxşı işə hamı sahiblənmək istəyir, amma pisə heç kim yiyə durmaq istəmir. Adam gərək bir barmağı kəsilən kimi qanı görüb, həqiqətdən imtina etməsin, cənablar. Birdəfəlik qərar verin, siz "Turan” adının böyüklüyünü daşımağa, Tovuz futbolunun problemlərini həll etməyə hazırsız, ya yox?!

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью