Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Vitraj sənəti qədim tarixə malik olsa da, müasir dövrdə müxtəlif formalarda tətbiq olunaraq yeni yaradıcılıq imkanları yaradır. Şüşə üzərində rəng və naxışlarla işlənən bu sənət növü dekorativ əşyaların hazırlanmasında da istifadə olunur.
Bu sahəyə maraq göstərənlərdən biri Ceyran İbrahimova-Hüseynli AZƏRTAC-a açıqlamasında bildirib ki, vitraj sənətinə marağı pandemiya dövründə, insanların əsasən evdə vaxt keçirdiyi müddətdə yaranıb. O, bu sənətlə həvəskar olaraq maraqlanıb, vitraj üzrə fəaliyyət göstərən xanımdan qısa müddətli dərs alaraq ilkin texnikaları öyrənib.“İlk vaxtlar evdə şəffaf qablar və boşqablar üzərində rəsmlər çəkdim. Həmin dövrdə vitraj sənəti ilə məşğul olan gənclərin sayı az idi. İlk vitraj işim afrikalı qadın obrazında müxtəlif texnikaları tətbiq etməyə çalışdım. Vitraj əsərlərinin hazırlanma müddəti seçilən texnikadan və işin mürəkkəbliyindən asılıdır. Sadə naxışlardan ibarət minimalist nümunələri bir gündən də az müddətdə hazırlamaq mümkündür. Akril boyalarla işlənən əsərlər təxminən 3-5 dəqiqə, bəzi hallarda isə 10 dəqiqə ərzində quruyur. Şüşə effekti yaradan şəffaf vitraj boyaları isə daha duru olduğundan onların tətbiqi və quruması daha çox vaxt tələb edir”, - deyə Ceyran İbrahimova-Hüseynli əlavə edib.
Vitraj rəssamı bu sənətin əsas xüsusiyyətlərindən birinin şəffaflıq olduğunu deyib: “İşıq şüşədən keçərək ətrafda rəngli əkslər yaradır. Bu effekti əldə etmək üçün adi şəffaf şüşə qabların üzərində xüsusi boyalardan istifadə edilir. Bəzi işlərdə boyanın damcıları və fırça izləri də saxlanılır. Vitraj əsərlərində fırça izləri əl əməyinin göstəricisidir. Qida və içki qəbulunda istifadə olunan qabların hazırlanmasında boyanın xüsusiyyətləri nəzərə alınır. Belə nümunələrdə boya quruduqdan sonra qablar uyğun temperaturda sobaya yerləşdirilərək rəngin şüşə səthdə daha möhkəm qalması təmin edilir. İstifadə olunan boyanın sobada tələb etdiyi temperatur onun növündən asılı olaraq dəyişir. Mənim üçün yaradıcılığımda xüsusi yer tutan işlərdən biri də Abdulla Şaiqin mənzil-muzeyinə hədiyyə etdiyim vitraj nümunəsidir. Əsəri yazıçının “Tülkü həccə gedir” kitabının üz qabığı əsasında hazırladım. Kitabın üz qabığındakı təsvirləri, o cümlədən tülkü obrazını, əlindəki təsbehi və kənarlardakı gül-budaq naxışlarını şüşə qab üzərində canlandırdım. Bu işi hazırlayarkən muzeydə oldum, Abdulla Şaiqin otağını və əşyalarını yaxından araşdırıb. Masanın üzərindəki güldanın rəngindən və pərdələrin çalarlarından ilhamlanaraq əsərin fonunu da həmin mühitə uyğun seçdim”.
Sənətkar vitraj sənətinin gənclər arasında daha geniş yayılmasını arzulayıb. “Vitraj əsasən məscidlərdə və iri memarlıq abidələrində rast gəlinən rəngli şüşələrlə əlaqələndirilir. Halbuki bu sənətin müxtəlif növləri, o cümlədən adi şüşə üzərində boyama üsulu da mövcuddur. Bu texnika vasitəsilə evlərdə istifadə olunan sadə şüşə qabları da dekorativ sənət nümunələrinə çevirmək mümkündür. Vitraj sənəti yalnız memarlıqla məhdudlaşmır, gündəlik həyatda da tətbiq oluna bilər. Ümid edirəm bu sahəyə maraq artar və daha çox gənc bu sənətlə məşğul olar”,- deyə o əlavə edib.
Müxbir - Fidan Əlizadə