525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xosrov NATİL
Üdgün - koordinatları kiçik bir coğrafi ərazi ilə məhdudlaşan, xəritələrdə adı olmayan bir kənddi, fəqət ayaq izi o torpaqda olanların ürəklərində çox böyük bir məkandı.
2020-ci ilin oktyabrında Zəngilan işğaldan azad edildi. Kəndimizdə uçuq-sökük çökəkliklər, yanmış xırda sahələr, kalafalar görünürdü.
Qarış-qarış gəzdiyimiz bağ-bağat, nəhayət, istilərin ən qızmar vaxtında mağarda - Paşa bağının tutluq sahəsindəki çeşmənin də olduğu bu mal-qara tövləsində, bataqlıqdan, yaxınlıqdakı kanaldan çimərlik kimi istifadə olunana, toy şənliklərində iştirak etdiyimiz mağarlardakı duyğulu anlarımız, Güllü oğlanları - Xəlilin, Rəsilin və Famil Cabbarovun toylarda cərimə olunaraq bir ağız segah oxuması çoxumuzun ürəyində qalmışdı.
İyirmi beşimə qədər yaşadığım o kəndin Şəmsəddinin evindən aşağı tərəfdəki toylarda, Narlı dərədən yuxarıda, Xudulu Məmmədin evindən yuxarıda, çoxlu yeni evlərin tikildiyi Tülkülü məhəlləsindən yuxarıda, Zeyqəmin evinə qədər uzanan ərazidəki şənliklərdə, toy-düyünlərdə ola bilmədim.
Dadaşov Ədilin, Şahsuvar kişigilin qonşu çəpərindən bir az aralıda, baldodaq Fatmanın qatar qəzasında itirdiyi nişanlı oğlu Hasilgilin ağzı günə qalan evlərinə bitişik, barmaq uzatmaq yasaq sayılan, yavaş-yavaş böyüyüb kəndin içinə girən qəbiristanlıq yaşımız qədər müşahidə edə biləcəyimiz yer idi.
Dəvə yatağında yağışdan, yağmurdan sonra gildən təbii şəkildə yaranmış müxtəlif fiqurları görüb heyrətlənərdik. Seyran təpədə hazır səngərlərə girib "dava-dava" oyunlarında daldalanardıq. Qapılı bağda əncir, Məmməd cəvizindən qoz, İbad bağında tut, İslam armudu, dağdağan, Nadir-Məmməd üzümü yeyib özümüzü cənnətdə bilərdik.
Gündüzlər ot-əncər yığıb gətirir, axşamüstü top, ay işığında süddü-sümük oynayardıq. Futbol meydançamızda yaşıllıq təbii döşəmə idi. Ayaqyalın futbol oynayanlarımız da vardı. Ən çox savaşımız da elə bu meydançada, futbol oynayan zaman baş verirdi.
Sonrası məlumdu - dağılışdıq, hərəmiz bir qütbə çəkildik. Köçkün düşdük. Nə o yal-yamac, nə bağ-bağat, nə o yol-yolağa, nə sel-selav, nə də ev-eşik - itirilən çox şeylər gözümüzdə deyildi. Nə çal-çəpər davası yada düşdü, nə qonşu ilə hədələşmək. Hər şey gözdən düşdü. Kişilərin ahı, qadınların göz yaşı ilə bitdi bitənlər. Gələn ölüm xəbərlərindən çox sarsıldıq, əksər evlərin əlvan əşyalarının rənglərinin üstünə qara pərdə çəkildi, allı-güllü şallar qara kəlağayı ilə əvəzləndi.
Və Qəlbi xırman - bizim dördillik ibtidai məktəbimizin üst tərəfi. Nə üçün (bəlkə də, dən sovurmaq üçün!) istifadə edildiyi anlaşılmayan, çox da böyük olmayan yastan - xırman idi. Kəndin hər yeri oradan görünürdü. Evləri, həyətləri görmək olurdu. Uşaqların əyləndiyi, böyüklərin sevdalandığı müqəddəs yer idi. Adam özünü orada çox qürurlu, yenilməz hiss edirdi. Bir neçə dəfə bədii kitabların qiraətini orada dinləmişdik. Birimiz oxuyur və ya eləcə vərəqləyirdik. Qısa şeirləri xoşlayardıq.
...Məktəbimizin altında Həsənxan kişinin yeni arxitekturalı - modern sayılacaq evi yerləşirdi. Üzeyir o evdə böyümüşdü. Atası diş həkimi, anası ibtidai sinif müəlliməsi idi.
Fotogenik, ekran siması vardı, Fəxrəddin Manafova oxşarı çox idi. Orta məktəbi elə orta səviyyədə oxuyurdu. Məndən iki sinif yuxarı idi. İlk olaraq bir çox bədii kitabları onda görmüşdüm. Hərdən bizə şeir kitablarından hissələri ucadan oxuyurdu. Ağdamda meşəçilik öyrənmişdi. Rövşən Behcətin ilk "plastinkasını" o gətirmişdi, "Dəşti" təsnifinin ilk ifasını da o zaman eşitdim. Şəhərimizin Dağüstü parkında çalışdı, sonra rabitəçi oldu. Başkənddə məcburi köçkün həyatında da rabitəçi işlədi. Öz işinin ustası idi.
İçkini çox sevirdik, bəlkə imkanımız olsaydı, biz də sona qədər içərdik. Əlimizin ümiddən üzüldüyü bir zamanda bizim ayıq olmağımız çox dəhşətli idi. Uçuq-sökük bir divara söykənməkdən başqa dayağımız yox idi - bəxt məsələsi idi, üstümüzə aşa bilərdi. Düzdü, alkoqoldan istifadə son təsəlli deyildi, amma başqa çıxış yolu da yox idi. Hamı öz ağır həyatını birtəhər yola verirdi...
İşğaldan azad edildikdən sonra kəndə gedəndə onun yaşadığı ata evinin xarabalıqlarına tərəf boylandım, xəyalən Üzeyiri açıq aynabəndin dirəyinə söykənən gördüm. O, sağ idimi, ya ruh idimi, ayıra bilmədim. İşğaldan əvvəl də aralıq yoldan keçəndə onların evlərinə tərəf boylanardım, ilk şeirim çap olunan qəzeti də kənddə ilk dəfə ona göstərmişdim. Deyəsən, o, bizdən daha əvvəl kəndə köçmüş və son mənzilinə yetmişdi. Köçün mübarək, Üzeyir!..