Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 12-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfli görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bu mötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünü bildirib.
Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədə əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübə mübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirak əlaqələrimizin dolğun mənzərəsini yaradır.
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib.
Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivlərini yüksək dəyərləndirib.