Adilə Əliyeva: 24 müəllim prosesə cəlb olunub

05.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Təhsil prosesində innovativ yanaşmaların tətbiqi və müəllimlərin peşəkar inkişafının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Adilə Əliyeva bildirib ki, şagirdlərin sosial bacarıqlarının və mədəni dəyərlərinin formalaşdırılması prioritet istiqamətlərdən biridir.

O qeyd edib ki, “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə və təşəbbüslərə xüsusi yer verilir. Bu çərçivədə müəllimlərdə təhsilə marağın artırılması, gənclərə təhsil imkanları barədə geniş məlumatların verilməsi və təhsilin davamlılığının təşviqi istiqamətində işlər görülür.

Adilə Əliyeva cari il ərzində həyata keçirilən layihələrdən də danışıb. O bildirib ki, layihələr Bakı, Gəncə, Qəbələ, Ağcabədi və digər şəhərlərdə yerləşən məktəbləri əhatə edib, 24 müəllim prosesə cəlb olunub.

Onun sözlərinə görə, müəllimlər üçün keçirilən təlim və ustad dərslərində şagirdlərə məktəbdənkənar təhsilə diqqət yetirilməsi məqsədilə müxtəlif proqramlar təqdim olunub. Daha sonra müəllimlər 100-dən artıq şagirdin iştirakı ilə təlimlər, ustad dərsləri və məşğələlər keçiriblər.

Adilə Əliyeva əvvəlki illərdə də inklüziv təhsilin inkişafı ilə bağlı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində inklüziv təhsil mərkəzləri yaradılıb, müəllim, tələbə və valideynlər üçün təlimlər təşkil olunub:

““Təhsildə Yeni Çağırışlar” forumunun keçirilməsi müasir dövrdə təhsilə və öyrənənlərə yanaşmaların, müxtəlif təcrübələrin dəyərləndirilməsi və təhsilin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. 

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью