Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Mənzilini kirayəyə verərək gəlir əldə edən şəxslərin vergi öhdəlikləri var.
Avtosfer.az xəbər verir ki, Ajans.az-ın apardığı araşdırmalara əsasən, 2026-cı il yanvarın 1-dən yaşayış sahələrinin fiziki şəxslərə kirayə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsi dəyişdirilib.
Bəs evini kirayəyə verənlər nə qədər vergi ödəməlidir, bu öhdəlik hansı qaydada yerinə yetirilməlidir?
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 10 faiz dərəcə ilə vergi tutulur. Əvvəl bu dərəcə 14 faiz idi.
Məsələn, mənzil ayda 500 manata kirayəyə verilirsə, illik kirayə gəliri 6 000 manat təşkil edir. Bu məbləğdən 10 faiz vergi hesablandıqda, illik vergi 600 manat olur.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduqda, vergi qanunvericiliyində nəzərdə tutulan qaydada vergini ödəmə mənbəyində tutmaq və büdcəyə köçürmək öhdəliyi yaranır. Kirayəçi vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs olduqda isə mənzil sahibi özü və ya təyin etdiyi vergi agenti vergi uçotuna alınmalı, kirayə gəlirindən vergini hesablamalı və müvafiq bəyannaməni təqdim etməlidir.
VÖEN almaq lazımdır?
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ev sahibi vergi uçotuna alınmalı, yəni VÖEN əldə etməlidir. Bu, elektron qaydada və ya müvafiq xidmət mərkəzləri vasitəsilə həyata keçirilə bilər. Vergi uçotuna alınma isə ödənişsizdir. Kirayə gəlirini əldə edən və vergi öhdəliyini özü yerinə yetirən fiziki şəxs müvafiq bəyannaməni hesabat ilindən sonrakı ilin mart ayının 31-dək təqdim etməli və hesablanmış vergini həmin müddətdə ödəməlidir.
Beləliklə, mənzilini kirayəyə verən şəxslər yalnız kirayə müqaviləsi və aylıq ödənişlə kifayətlənməməli, əldə etdikləri gəlirlə bağlı vergi öhdəliklərini də nəzərə almalıdırlar.