Adına nəğmələr yazılsın, Qarabağ !

22.01.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Könüllər vəslini arzular,

Adıma nəğmələr yazırlar…

Mənimdir gözəllik, məhəbbət!

Səadət! Səadət! Səadət!

Mən dünən gecədən bəri bu misraları dodaqaltı təkrarlayıram. Sözsüz ki, sondakı "səadət” sözünü "Qarabağ”la əvəzləməklə. Azərbaycan xalqı, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımız, eləcə də ürəyi bizimlə döyünən türk dünyası dünən gecə o sevinci yaşadı. Qürur hissindən, qələbə sevincindən hər bir azərbaycanlı ailəsinə pay düşdü. Belədə "Qarabağ”ın adına nəğmələr yazılmalı, bu möhtəşəm qələbənin memarlarının hər birinin şəninə təriflər qoşulmalıdır. Amma bu sevinci yaşamaq və yaşatmaq "Qarabağ”a heç də asan başa gəlmədi. Buz meydançasına bənzəyən meydanda 94 dəqiqə amansız mübarizə aparmaq qaçılmaz oldu.

Əksər çətin qələbələrdə olduğu kimi, "Qarabağ” bu dəfə də hakimlərə qarşı döyüşdü. Matçın baş hakimi isveçrəli Sandro Şerer hələ start fitindən öncə şübhəli davranışları, qeyri-müəyyən jestləri ilə ürəklərə şübhə toxumu səpdi. Sonradan bildik ki, hakimlə köməkçiləri arasında əlaqə yaratmaq üçün istifadə olunan rabitə qurğusunda problem var. Həmin problem qısa müddətdə aradan qaldırılsa da, çox keçmədən VAR sisteminin işləməməsi haqda məlumat paylaşıldı. Düzdür, bu gün verilən rəsmi məlumatda qeyd olunur ki, həmin problem çox davam etməyib, oyun ərzində VAR işləyib. Amma azı iki epizodda Şererin VAR-a müraciət etməməsi, monitora baxıb, dəqiqləşdirmə aparmaması xeyli şübhəli idi. Bizə elə gəlirdi ki, VAR işləmir.

Bəhs etdiyim birinci epizod 74-cü dəqiqədə yaşandı. İsveçrəli hakimlər "Ayntraxt”ın cərimə meydançasında Duranın yerdə qalmasına göz yumdular. Həmin axşam "ayağı açılan”, vurduğu iki qolla oyunun qəhrəmanına çevrilən Duranı rəqibin müdafiəçiləri yerə yıxmasaydılar, "Qarabağ” hesabda önə keçəcəkdi. Çünki "Qarabağ”ın "qol maşını”nın qapıçıyla təkbətək çıxması an məsələsiydi. Almanlar da bunu hiss edirdi. Ona görə də riskə gedib, Duranı yerə yıxdılar. Ədalət hissini itirən Şerer qayda pozuntusunun olmadığını bildirdi. Sərt oyuna imkan verən, xırda qayda pozuntularına fit çalmayan isveçrəli cəmi iki dəqiqə sonra sifətini dəyişdirdi. Çünki bu dəfəki mübahisəli epizod "Ayntraxt”ın yox, "Qarabağ”ın qapısı qarşısında yaşanmışdı, deməli, "nöqtə”ni göstərmək olardı. 

Rəqibin 2:1 hesabıyla önə keçməsindən sonra çoxları "Qarabağ”ın təslim olacağını, məğlubiyyətlə barışacağını düşündü. Amma Qurban Qurbanov da, onun cəngavərləri də bu gedişatla barışmadılar. Oyunu yaxşı oxuyan, vacib əvəzetmələrlə "Qarabağ”ın oyununu canlarından, həlledici məqamlarda göstərişlərini futbolçulara əl işarəsiylə çatdıran Qurban bəyin planı baş tutdu. Bu dəfə hakimin qərəzi, rəqibin ad-sanı, psixoloji təzyiq "Qarabağ”ın qələbəsini əngəlləyə bilmədi. Xüsusiylə də Duranla Cəfərquliyevin apardığı mübarizə, bu iki futbolçunun yorulmaq bilməməsi, bir-biriylə yaxşı anlaşması "Qarabağ”ın oyununa rəng qatdı, qələbədə əvəzsiz pay sahibi oldu. Son saniyələrdə Bəhlul Mustafazadənin vurduğu zərbə isə almanlar üçün ölümcül, bizim üçün isə həyat eşqinə çevrildi. Bir daha gördük ki, inanmaq, sona qədər mübarizə aparmaq vacibdir. Futbol tanrısı qələbəni daha çox istəyənlərdən belə məqamlarda üz çevirə bilməz.

İnanırıq ki, gələn həftə keçiriləcək oyunlarda bu sevincin davamı gələcək, "Qarabağ” Avropanın ən güclü 24 komandası arasında da yer alacaq. Az qalıb, lap az!

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью