Adını çəkdiyiniz futbolçular transfer siyahımızda yoxdu Qurban Qurbanov

24.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" Misli premyer-liqasının 17-ci tur matçında "Kəpəz"ə uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azər Bağırovu və komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəlincə, deyəcək söz yoxdu. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, asan oyun olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə "Liverpul"la oyuna hazırlaşacağıq.
- Transferlərlə bağlı vəziyyət nə yerdədi? Andre Klovis və Səlim Faqo Lavalın adı "Qarabağ"la hallanır.
- Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdı. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha fəal olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidi. İnşallah yaxşı olar. Adını çəkdiyiniz futbolçular transfer siyahımızda yoxdu.
- Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?
- Maraqlananlar var, təkliflər gəlir. Hazırda "Liverpul"la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.
- Bədavi Hüseynovun zədəsi ciddidi?
- Bəli, ciddi görünür. Başında böyük şiş var idi. Özüm də görüb pis oldum.
- "Ayntraxt"la oyundan sonra sizin haqqınıza girənlərə haqqınızı halal edirsiz?
- Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildi bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldı. Bilmək olmaz bəlkə bu dünyadan daha tez köçdük.
- "Kəpəz"ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsız?
- Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odu ki, düşünmədiyin nəticələr qeydə alınır. Rəqibə həmişə dəyər vermək lazımdı. Lazım olan vaxtlarda cəza olub.
- Elvin Cəfərquliyevə "Fənərbaxça"dan təklif gəlib?
- Məndə belə məlumat yoxdu.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью