Adino: “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik”

09.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah”ın U-19 komandası Gənclər Liqasında sabah “Mançester Yunayted”lə qarşılaşacaq.

“Bayquşlar”ın baş məşqçisi Adino Mustedanaqiç “Futbolpress.az“a matçla bağlı fikirlərini bölüşdü:

“Belə turnirdə iştirak etdiyimiz üçün çox xoşbəxtik. Bizə bu imkanı yaradan əsas komandamıza təşəkkür edirəm. Oyuna gəlincə, bizim üçün böyük təcrübə olacaq. Belə matçlarda yalnız inkişaf etməyi düşünürük. Matçı səbirsizliklə gözləyirik”.

“Sabah”ın U-19 komandası turnirdə “Mançester Yunayted”lə yanaşı, “Slaviy” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” və “Vilyarreal”la (hər ikisi İspaniya) qarşılaşacaq. Adino Gənclər Liqasının faydalarından söz açdı:

“Azərbaycanlı futbolçuların belə komandalara qarşı oynamaq imkanı çox olmur. İndi bu, onlar üçün böyük fürsətdir. Bu cür səviyyədə oynamaq, sürətli futbola, təzyiqə tab gətirmək önəmlidir. Futbolçularımız belə komandalarla üz-üzə gəlməyib. Oyunların hər birinin böyük faydası olacaq”.

Mustedanaqiç Gənclər Liqasındakı xal hədəflərinə toxundu:

“Əminəm ki, hər oyunçumuz sona qədər mübarizə aparacaq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazana bilək. Amma nəzərə alaq ki, qarşımızda necə rəqiblər var. Onların imkan verəcəyi dərəcədə oynamaq istəyirik. Arzulayıram ki, hər oyun dəqiqəbədəqiqə artıraq. Məsələn, 27-ci dəqiqədə 5-ci dəqiqədəkindən daha yaxşı oynayaq. Beləcə futbolumuzu təkmilləşdirmək istəyirik. Xal qazansaq, çox yaxşı olar. Ancaq yenə qeyd edirəm, əsas məqsədimiz böyük təcrübə toplamaq, hər şansdan maksimum yararlanmaq olacaq”.

Sabah keçiriləcək “Mançester Yunayted” U-19 – “Sabah” U-19 oyununa saat 17:00-da start veriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью