Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Boota Green Talent Academy” proqramının 2026-cı il üzrə payız mövsümünün açılış mərasimi keçirilib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqram ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı, universitet ilə “Boota AZ” MMC arasında akademik tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Açılış mərasimində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, ADNSU-nun və “Boota Green Talent Academy”nin nümayəndələri iştirak ediblər. Tədbirə 52 iştirakçı əyani, 300-dən çox iştirakçı isə onlayn formatda qoşulub.
Mərasimdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov, “Boota AZ” MMC-nin baş icraçı direktoru Elvin Rzayev və “Boota Green Talent Academy”nin direktoru Cavid Məmmədli çıxış ediblər.
Çıxışında Fəqan Abdurəhmanov Azərbaycanın enerji keçidində gənc mütəxəssislərin rolundan danışıb. Bildirib ki, ölkədə bərpaolunan enerji layihələrinin miqyası artdıqca, bu layihələri hazırlayacaq, həyata keçirəcək və gələcəkdə idarə edəcək peşəkar kadrlara ehtiyac da artır. Gənclərə proqramdan yalnız bilik əldə etmək üçün deyil, həm də gələcək peşəkar istiqamətlərini müəyyənləşdirmək, yeni ideyalar formalaşdırmaq və faydalı əlaqələr qurmaq üçün istifadə etmələri tövsiyə olunub.
Digər çıxışlarda texniki biliklərlə yanaşı, maliyyə, siyasət, məlumatların təhlili və kommunikasiya bacarıqlarına malik yeni nəsil yaşıl enerji mütəxəssislərinin hazırlanmasının əhəmiyyəti vurğulanıb. Azərbaycanın təmiz enerji ekosisteminin inkişafında dövlət, universitet və özəl sektor arasında əməkdaşlığın rolu qeyd edilib.
Açılış mərasimindən sonra proqramın ilk təlim sessiyası keçirilib. Sessiya zamanı Azərbaycanın yaşıl enerji gündəliyi, karbon bazarları və digər aktual mövzular üzrə təqdimatlar və müzakirələr aparılıb.
İki ay davam edəcək proqram çərçivəsində 18 sessiyanın keçirilməsi nəzərdə tutulur. Təlim proqramı Günəş, külək və bioenerji, enerji saxlanc sistemləri, layihə iqtisadiyyatı, məlumatların təhlili və süni intellekt, peşəkar kommunikasiya və digər aktual istiqamətləri əhatə edəcək. Sessiyalar əyani və onlayn formatlarda təşkil olunacaq. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.