Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universitetində (ODTÜ) olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində ADNSU nümayəndə heyəti ODTÜ-nün rektoru professor Ahmet Yozgatlıgil ilə görüşüb. Görüş zamanı iki universitet arasında birgə tədqiqatların aparılması, qrant layihələri üzrə əməkdaşlıq, eləcə də tələbə və müəllim mübadiləsi imkanları müzakirə olunub.
Eyni zamanda, ODTÜ-nün ixtisasartırma proqramları və sənaye ilə əməkdaşlıq sahəsindəki təcrübəsinin ADNSU-da tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin bu istiqamətdə birgə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.
Səfər zamanı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və nümayəndə heyəti ODTÜ-nün mərkəzi tədqiqat laboratoriyalarında mövcud elmi infrastruktur və birgə tədqiqat imkanları ilə yaxından tanış olublar.
Səfər iki universitet arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olmaqla yanaşı, yaxın gələcəkdə konkret layihələrin icrasına başlanılması üçün zəmin yaradır.