Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Adore” mağazalar şəbəkəsində olan endirim kampaniyası zamanı alıcıların aldadılması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, mağazadan alış-veriş edən müştəri bununla bağlı sosial şəbəkələrdə video paylaşıb.
O bildirib ki, aldığı məhsullar istifadə müddəti artıq bitmiş və ya son istifadə tarixinə çox az vaxt qalmış xüsusi endirim adı altında satışa təqdim olunub:
“Guya məşhur “Adore” mağazasında 50%-ədək endirim var. Mən də gəlib buradan məhsullar əldə etmişəm. Məhsulların hamısının son istifadə tarixi bitib. Mən konsilerdən istifadə etmişəm, gözüm allergik reaksiya verib. Tuşun heç bir effekti yoxdur. Aldığım bronzer, haylayterin heç bir piqmentasiyası yoxdur, yəni sıfırdır.
Gəlmişəm mağazaya, deyirlər ki, sizin qəbziniz olmadığı üçün biz heç nə edə bilmərik. Amma mən kartla ödəniş etmişəm. Sübut edirəm ki, mən bu ödənişi eləmişəm burada və deyirəm, açın qəbzə baxın. Onlar da bildirirlər ki, qəbzin nömrəsi olmasa, baxa bilməzlər.
Bu nə məsuliyyətsizlikdir? İnsanların sağlamlığını siz nə haqla belə təhlükəyə atırsınız? Mənim gözümdə nəsə bir fəsad olsa, siz bunun cavabını necə verəcəksiniz?”
Səsləndirilən iddialarla bağlı “Adore” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq.
“Adore Kompani” MMC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, son günlər sosial şəbəkələrdə şirkət və təqdim etdiyi məhsulların keyfiyyəti ilə bağlı həqiqəti əks etdirməyən və təsdiqlənməmiş məlumatların yayıldığı müşahidə edilir:
“Şirkətimiz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə və aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi tələb və qaydalara uyğun şəkildə həyata keçirir. Şirkətimiz fəaliyyətinin şəffaflığına, təqdim etdiyi məhsulların keyfiyyətinə və müştərilər qarşısında məsuliyyətinə xüsusi önəm verir.
“Xüsusilə vurğulamaq istəyirik ki, “Adore” satışa təqdim etdiyi məhsulları birbaşa brendlərin özlərindən və ya onların rəsmi tərəfdaşlarından əldə edir. Məhsullarımızın mənşəyi və orijinallığı ilə bağlı tələb olunan müvafiq sənəd və sertifikatlar mövcuddur. Zərurət yarandığı halda həmin sənədləri aidiyyəti dövlət qurumlarına təqdim etməyə və məhsullarımızla bağlı istənilən rəsmi araşdırma çərçivəsində bütün sualları cavablandırmağa hazırıq.
Eyni zamanda, məhsulların dəyişdirilməsi və ya geri qaytarılması məsələləri qanunvericiliyin tələbləri və şirkətin müəyyən edilmiş prosedurları çərçivəsində həyata keçirilir. Alış faktının təsdiqlənməsi üçün müvafiq kassa çeki və ya digər qanuni alış sübutunun təqdim edilməsi mütləqdir.
Xüsusilə parfümeriya və kosmetika məhsullarının keyfiyyətinin qorunmasında daşınma və saxlanma şəraiti mühüm rol oynayır. Məhsul satın alındıqdan sonra yüksək temperatur, birbaşa günəş şüaları, yüksək rütubət, kəskin temperatur dəyişiklikləri və digər uyğun olmayan şəraitdə saxlanıldığı halda onun fiziki və kimyəvi xüsusiyyətlərində, qoxusunda, rəngində və digər göstəricilərində dəyişikliklər baş verə bilər. Buna görə də hər bir konkret müraciətin araşdırılması zamanı məhsulun satışdan sonrakı saxlanma və istifadə şəraiti də nəzərə alınmalıdır.
Hər hansı müştəri müəyyən məhsuldan istifadə etdikdən sonra allergik və ya digər arzuolunmaz reaksiya ilə qarşılaşdığını bildirirsə, şirkətimiz belə müraciətlərə son dərəcə ciddi yanaşır. Lakin konkret reaksiyanın məhz həmin məhsuldan qaynaqlandığını obyektiv şəkildə müəyyən etmək üçün müvafiq tibbi rəy, ekspertiza və digər təsdiqedici sənədlər əsasında səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi vacibdir”.
Bununla yanaşı, şirkətdən bildirilib ki, bu günədək şirkətin satdığı hər hansı məhsulun müştəridə allergik reaksiyaya səbəb olduğunu təsdiqləyən tibbi rəy, ekspertiza nəticəsi və ya digər müvafiq sənədlə müşayiət olunan belə bir rəsmi müraciət daxil olmayıb:
“Həmçinin bildirmək istərdik ki, allergik reaksiya məhsulun keyfiyyətindən deyil, istifadəçinin orqanizminin müəyyən inqrediyentlərə olan allergik reaksiyalarından irəli gələ bilər. Buna görə də sosial şəbəkələrdə hər hansı iddianın müvafiq sübut və ekspertiza olmadan fakt kimi təqdim edilməsini düzgün hesab etmirik.
Hər hansı müştərinin məhsul, xidmət və ya şirkətimizin fəaliyyəti ilə bağlı iradı və ya şikayəti varsa, bunun üçün rəsmi müraciət imkanları mövcuddur. Biz hər bir əsaslandırılmış müraciətin obyektiv araşdırılmasına və ona rəsmi cavab verilməsinə açığıq.
Təəssüf ki, sosial şəbəkələrin yaratdığı geniş informasiya imkanları ilə yanaşı, yoxlanılmamış və birtərəfli məlumatların sürətlə yayılması kimi mənfi hallar da mövcuddur. Hər hansı şəxsin geniş auditoriyaya malik olması onun paylaşdığı məlumatın avtomatik olaraq doğru və ya təsdiqlənmiş olması demək deyil. Şirkət və onun məhsulları haqqında ictimaiyyətə məlumat təqdim edilərkən qarşı tərəfin mövqeyinin öyrənilməsini, faktların yoxlanılmasını və rəsmi mənbələrə istinad edilməsini vacib hesab edirik.
“Adore” konstruktiv tənqidə və əsaslandırılmış müştəri şikayətlərinə hər zaman açıqdır. Bununla yanaşı, həqiqətə uyğun olmayan məlumatların yayılması, təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsi və bunun nəticəsində şirkətimizin işgüzar nüfuzuna zərər vurulması hallarında hüquqlarımızı qanunvericiliyin nəzərdə tutduğu bütün vasitələrlə, o cümlədən zərurət yarandıqda məhkəmə qaydasında müdafiə etmək hüququmuzu saxlayırıq.
Müştərilərimizin etimadı bizim üçün böyük əhəmiyyət daşıyır. “Adore” bundan sonra da fəaliyyətini şəffaflıq, məsuliyyət, məhsulların orijinallığının təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət prinsipləri əsasında davam etdirəcək”.
Lamiyə Məmmədova