Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda ötən həftənin mühüm istimai-siyasi hadisələri ilə bağlı müzakirələr aparılıb.
İlk növbədə beynəlxalq ictimaiyyətin ölkədə siyasi məhbusların azad edilməsi ilə əlaqədar çağırışlarına baxmayaraq son zamanlar ictimai-siyasi fəalların və media təmsilçilərinin daha bir qrupunun həbs edilməsinə diqqət çəkən İdarə Heyəti üzvləri hakimiyyətin bu addımını pisləyib və insan hüquq və azadlıqların qorunması sahəsindəki son durumdan ciddi narahatlıq ifadə ediblər.
İclasda qeyd edilib ki, ölkədə həmrəyliyə nail olmaq üçün siyasi motivli həbslərə son qoyulmalı və indiyədək bu üsulla həbs edilmiş bütün şəxslər dərhal azadlığa buraxılmalıdır.
İclasda həmçinin ötən həftə Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və İsveçrənin Bakıdakı səfirlərinin toplanaraq Azərbaycan hakimiyyətinə insan hüquq və azadlıqların qorunması və siyasi məhbusların azad edilməsi ilə bağlı müraciəti müdafiə edilib.
Qeyd edilib ki, milli maraqlarımız demokratik dünya ilə siyasi konfrantasiya deyil, əməkdaşlığın genişləndirilməsi və insan hüquq və azadlıqlarının ön sıraya qoyulmasını tələb edir.
ADP İH Suriyada baş verən son hadisələrə də diqqət yönəldib və diktatorların bu cür ciddi hərbi qarşıdurma olmadan yola salınmasını müsbət addım kimi dəyərləndirib.
Həmçinin qeyd edilib ki, Türkiyənin bu ölkə ilə bağlı apardığı siyasət təqdirə layiqdir və Suriyada beş milyona yaxın azərbaycanlının yaşadığını nəzərə alaraq Azərbaycan da bu məsələdə Türkiyənin bu ölkədəki dinc siyasi dəyişikliklər siyasətini fəal müdafiə etməlidir.