ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

12.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin hicabla bağlı fətva verməsinə çağırış edilib...

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda dünyada və ölkədə baş verən bir sıra mühüm siyasi, iqtisadi və ictimai proseslər, eləcə də sosial problemlər ətrafında müzakirələr aparılıb.

İdarə Heyəti Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələri və münaqişənin dayandırılması istiqamətində beynəlxalq səyləri müzakirə edib. Müzakirələr zamanı ABŞ Prezidenti D.Trampın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması istiqamətində atdığı addımlar kəskin tənqid olunub. Qeyd edilib ki, belə bir yanaşma təcavüzkar dövlətin mövqelərinin möhkəmlənməsinə, V.Putinin siyasi legitimliyinin gücləndirilməsinə xidmət edə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd nəticələr doğura bilər. Eyni zamanda, Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı əldə edilmiş atəşkəs razılaşması müsbət qiymətləndirilib. Bildirilib ki, bu təşəbbüsün mülki obyektləri və digər mühüm infrastrukturu da əhatə edəcək şəkildə genişləndirilməsi hərbi əməliyyatların mərhələli şəkildə dayandırılmasına zəmin yarada bilər. İdarə Heyəti eyni zamanda qeyd edib ki, ABŞ-ın münaqişənin dinc yolla həllinə yönəlmiş səyləri birtərəfli qaydada deyil, Avropa dövlətləri ilə əlaqələndirilmiş və vahid siyasət əsasında həyata keçirilməsi müharibənin ədalətli və davamlı həllinə nail olması baxımından daha səmərəli olardı.

İdarə Heyəti qonşu Gürcüstanda Milli Kommunikasiya Komissiyasının media subyektləri üçün yüzə yaxın söz və ifadənin istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı məlumatlardan narahatlığını ifadə edib. Qeyd olunub ki, bu siyasət avtoritar və totalitar idarəçilik modellərinə xas nəzarət mexanizmlərini xatırladır və ölkədə korrupsiya, rüşvətxorluq, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı halların ictimai müzakirəsini məhdudlaşdırmağa və mövcud problemlərin ört-basdır edilməsinə xidmət edir. Eyni zamanda, bu addımlar Gürcüstanın siyasi və informasiya məkanında Rusiyanın təsirinin artması və regionda özünə uyğun siyasi idarəçilik modelini yaymaq cəhdləri kimi dəyərləndirilib.

İdarə Heyətində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının sammiti və təşkilat çərçivəsində dil siyasəti məsələsi müzakirə olunub. Müzakirələr zamanı rus dilinin MDB məkanında vahid rəsmi dil kimi tətbiqinə kəskin etiraz bildirilib. Qeyd olunub ki, rus dilinin təşkilat daxilində müstəsna mövqeyinin qorunması Rusiyanın postsovet məkanında siyasi və mədəni təsirini saxlamaq, habelə öz imperial maraqlarını təşviq etmək siyasəti ilə bağlıdır. İdarə Heyəti MDB məkanında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türk dövlətlərinin mövcudluğu nəzərə alaraq türk dilinin MDB-də rus dili ilə yanaşı ikinci rəsmi dil kimi qəbul edilməsi təşəbbüsünü irəli sürüb. Qeyd edilib ki, belə bir yanaşma təşkilat daxilində dil və mədəni təmsilçilik baxımından daha balanslı mühitin formalaşmasına, türk dövlətlərinin ortaq maraqlarının ifadəsinə və üzv ölkələr arasında bərabərhüquqlu münasibətlərin inkişafına töhfə verə bilər.

İdarə Heyəti Azərbaycanda orta ümumtəhsil məktəblərində hicabla bağlı tətbiq olunan məhdudiyyətlər və bunun ətrafında cəmiyyətdə yaranmış narahatlıqları bir daha müzakirə edib. Qeyd olunub ki, son günlər ərzində yaranmış narahatlıqlar müvafiq dövlət orqanları tərəfindən diqqətlə araşdırılmalı, problemin hüquqi müstəvidə həlli üçün cəmiyyətin müxtəlif təbəqələri arasında dialoq aparılmalı və ortaq məxrəcə gəlinməlidir. İdarə Heyəti yaranmış vəziyyətdən istifadə edərək ölkədə ictimai sabitliyi pozmağa cəhd edə biləcək qüvvələrin mövcudluğu ilə bağlı narahatlığını da ifadə edib. Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin bu məsələ ilə bağlı fətva verməsinin, dini baxımdan mövqeyini açıqlamasının zəruriliyi bildirilib. Qeyd olunub ki, hər hansı geyim tələbinin tətbiqi zamanı vətəndaşların Konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqları, vicdan və din azadlığı, təhsil və əmək hüquqları nəzərə alınmalıdır. Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə malikdir və qanunlar, digər normativ hüquqi aktlar ona uyğun olmalıdır. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri də nəzərə alınmaqla, müvafiq məhdudiyyətlərin milli və beynəlxalq hüquq normalarına uyğunluğu hərtərəfli qiymətləndirilməlidir. İdarə Heyəti yaranmış mübahisənin hüquqi baxımdan aydınlaşdırılması məqsədilə Konstitusiya Məhkəməsini də öz səlahiyyətləri çərçivəsində məsələyə münasibət bildirməyə çağırıb. 

İdarə Heyəti son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərin pisləşməsinə xidmət edən çağırışlara və sosial şəbəkələrdə yayılan paylaşımlara diqqət çəkib. Qeyd olunub ki, iki ölkə arasında qarşıdurma yaratmağa, ictimai rəydə qarşılıqlı etimadı sarsıtmağa və qardaş xalqları bir-birinə qarşı qoymağa yönələn çağırışlar Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. İdarə Heyəti son bir həftə ərzində hər iki ölkənin mütərəqqi fikir adamlarının, ictimai xadimlərinin və səlahiyyətli şəxslərinin münasibətlərin qorunması, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və qardaşlıq əlaqələrinin davam etdirilməsi istiqamətində səsləndirdikləri çağırışları və göstərdikləri səyləri təqdir edib. Toplantıda vurğulanıb ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr yalnız dövlət rəhbərləri və rəsmi qurumlar səviyyəsində, yəni şaquli istiqamətdə deyil, eyni zamanda cəmiyyətlərarası münasibətləri əhatə edən üfüqi müstəvidə də inkişaf etdirilməlidir. Bu baxımdan, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları, siyasi partiyaları, ziyalıları, media nümayəndələri, gənclər təşkilatları və digər ictimai platformaları arasında birbaşa əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab olunub. 

İdarə Heyəti Dünya Bankının Azərbaycanın iqtisadi inkişaf perspektivləri ilə bağlı proqnozları da müzakirə edib. İdarə Heyəti bu göstəriciləri iqtisadi inkişaf dinamikasının zəifləməsi və mövcud iqtisadi modelin struktur problemlərinin aradan qaldırılmasına ehtiyacın göstəricisi kimi qiymətləndirib. Qeyd olunub ki, iqtisadi islahatların yubadılması gələcəkdə iqtisadi riskləri artıra, ölkənin xarici iqtisadi təsirlər qarşısında dayanıqlığını zəiflədə bilər. Buna görə də hökumət rəqabətə əsaslanan bazar iqtisadiyyatının qurulması, korrupsiya və inhisarçılığın aradan qaldırılması, hüququn aliliyinin təmin olunması və iqtisadi idarəetmənin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı, ardıcıl və nəticəyönümlü islahatlar həyata keçirməlidir.

İdarə Heyəti son zamanlar bir çox Qarabağ veteranlarının pensiyalarının kəsilməsi ilə bağlı məlumatlara da münasibət bildirib. Qeyd olunub ki, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə iştirak etmiş, sağlamlığını itirmiş və ya müharibənin digər ağır nəticələri ilə üzləşmiş şəxslər cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinə aiddir. Buna görə də sosial təminata dair qərarlar qəbul edilərkən veteranların real yaşayış şəraiti, sağlamlıq vəziyyəti və ailə öhdəlikləri hərtərəfli nəzərə alınmalıdır. Qeyd olunub ki, Vətən uğrunda mübarizə aparmış insanların sosial müdafiəsi yalnız sosial siyasət məsələsi deyil, həm də dövlətin öz vətəndaşları qarşısında məsuliyyətinin və cəmiyyətdə sosial ədalətin mühüm göstəricisidir. Müharibə veteranlarının rifahının qorunması və onların layiqli həyat şəraitinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью