ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

16.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Moderator.az xəbər verir ki, toplantıda ölkədə, regionda və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi hadisələr, beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər, Azərbaycanın xarici siyasət prioritetləri və ölkənin demokratik inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Zəfər günü”ndə Azərbaycana səfəri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən COP31 tədbirində iştirakı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından mühüm siyasi hadisələr kimi qiymətləndirilib. İdarə Heyəti hesab edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər yalnız diplomatik və siyasi əlaqələrlə məhdudlaşmır, bu münasibətlər ortaq tarix, milli-mənəvi dəyərlər, mədəniyyət və xalqlarımızın qardaşlığı üzərində formalaşıb. Bu səbəbdən iki dövlət arasındakı münasibətlərin qorunması və daha da inkişaf etdirilməsi hər iki ölkənin milli maraqlarına və bütövlükdə türk dünyasının gələcəyinə xidmət edir. İdarə Heyəti Azərbaycan-Türkiyə münasibətlərinin şəxslərdən və ayrı-ayrı siyasi proseslərdən asılı olmayaraq davamlı xarakter daşımasının, dövlətlərarası əlaqələrlə yanaşı, xalqlar arasında münasibətlərin də genişləndirilməsinin vacibliyini qeyd edib.

İdarə Heyətində Avropa Siyasi Birliyinin Dublin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Böyük Britaniyanın Baş naziri arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin əhəmiyyəti də müzakirə olunub. Qeyd edilib ki, bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisə olmaqla yanaşı, iki dövlət arasında əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yeni imkanlar yaradır. Xüsusilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və Avropanın enerji təminatında ölkəmizin rolunun artırılması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə dəstəklənməsi, ölkəmizin milli maraqlarının müdafiəsi və beynəlxalq siyasi mövqelərinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilib.

Toplantıda Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubu da müzakirə olunub. İdarə Heyəti məktubda Azərbaycan-Fələstin münasibətlərinə verilən xüsusi önəmi, Azərbaycanın Fələstin xalqı ilə həmrəyliyinin bir daha ifadə olunmasını və Fələstin probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ölkəmizin mövqeyini müsbət qiymətləndirib. Xüsusilə qeyd edilib ki, Azərbaycanın Fələstin dövlətinin yaradılmasını BMT-nin müvafiq qətnamələri əsasında iki dövlət prinsipi ilə dəstəkləməsi, Fələstin Dövlətinin paytaxtının Şərqi Qüds olması mövqeyini müdafiə etməsi ölkəmizin beynəlxalq hüquqa və İslam dünyasının fundamental maraqlarına sadiqliyinin göstəricisidir. Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin bu mövqeyi son zamanlar İsrailin təsiri və təhriki ilə Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına yönəlmiş iddialara tutarlı siyasi cavabdır. 

İdarə Heyətinin toplantısında Avropa Siyasi Birliyinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi perspektivinə də diqqət yetirilib. Bu təşəbbüs ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, Avropa dövlətləri ilə siyasi dialoqun genişləndirilməsi və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında iştirakının gücləndirilməsi baxımından müsbət qiymətləndirilib. Bununla yanaşı, qeyd olunub ki, belə mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi yalnız diplomatik və təşkilati əhəmiyyət daşımamalı, həm də ölkədə demokratik dəyərlərə sadiqliyin nümayiş etdirilməsi üçün mühüm fürsətə çevrilməlidir. Xüsusilə siyasi məhbus probleminin həlli, fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, azad və demokratik seçkilərin keçirilməsi üçün müvafiq siyasi-hüquqi şəraitin yaradılması, eləcə də media azadlığı sahəsində mövcud problemlərin aradan qaldırılması prioritet məsələlər olmalıdır.

Toplantıda Ermənistan hökumətinin yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması ilə bağlı bəyanatlarından sonra ölkədə revanşist qüvvələrin yenidən fəallaşması və bu qüvvələrin iştirakı ilə yeni siyasi hərəkatın yaradılması məsələsi də müzakirə olunub. İdarə Heyəti qeyd edib ki, Ermənistan cəmiyyətində revanşist düşüncələrin təşviq edilməsi, keçmiş münaqişə ritorikasının yenidən siyasi gündəmə qaytarılması və bu istiqamətdə müxtəlif hərəkatların formalaşdırılması Cənubi Qafqazda təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Belə təşəbbüslər Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşmasına mane olmaqla yanaşı, davamlı sülh prosesini də mürəkkəbləşdirir. Xüsusilə vurğulanıb ki, revanşist qüvvələrin fəallaşması yalnız Azərbaycan üçün deyil, ilk növbədə Ermənistanın öz dövlətçilik və təhlükəsizlik maraqları baxımından əlavə risklər yaradır. 

İdarə Heyətində ABŞ, Rusiya və Çin dövlət başçılarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş perspektivi və bu görüşün beynəlxalq siyasi proseslərə mümkün təsiri ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyanın aparıcı güc mərkəzləri olan bu üç dövlət arasında yüksək səviyyəli siyasi dialoqun qurulması beynəlxalq münasibətlər sistemində mövcud gərginliyin azaldılması və qlobal təhlükəsizlik problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıya bilər. İdarə Heyəti ABŞ, Rusiya və Çin liderlərinin mümkün görüşünün dünyada davam edən müharibələrin dayandırılması, münaqişələrin diplomatik yollarla həlli və yeni hərbi qarşıdurmaların qarşısının alınması istiqamətində konkret nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью