Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 noyabr, AZƏRTAC
17 Noyabr – Beynəlxalq Tələbə Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bir qrup fərqlənən tələbələrlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov görüşün eyni zamanda 17 Noyabr – Milli Dirçəliş Gününə təsadüf etdiyini vurğulayaraq, bu günün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib, milli özünüdərk, vətənə bağlılıq və dövlətçilik düşüncəsinin gənc nəslin formalaşmasındakı rolunu qeyd edib. Bu dəyərlərin Vətən müharibəsində bir daha təcəssüm etdiyini deyən rektor gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə diqqət çəkib. Müəllim hazırlığının bu missiyaların həyata keçirilməsində xüsusi əhəmiyyətinə toxunan professor C.Cəfərov süni intellekt kimi sistemlərin inkişafı fonunda müəllimlik peşəsinin yeni çağırışlarla üzləşdiyini, lakin müəllimin şəxsiyyətin formalaşması, tənqidi düşüncənin və mənəvi dəyərlərin aşılanmasında əvəzsiz rolunun dəyişmədiyini qeyd edib.
Daha sonra tələbələr akademik nailiyyətləri, universitet həyatı, tələbə təşkilatlarının fəaliyyəti və gələcək hədəfləri barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Tələbələrin uğurlarının universitet rəhbərliyi səviyyəsində qiymətləndirilməsi, onların fikir və təşəbbüslərinin birbaşa dinlənilməsi, tələbə–universitet münasibətlərində açıq dialoqun gücləndirilməsi baxımından əhəmiyyət daşıyan görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.